Ələsgər ƏLİOĞLU : - HEYVANXANADA DÜŞÜNCƏLƏR

Ədəbiyyat 10:54 / 21.01.2025 Baxış sayı: 115

 

Atılıb-düşürsən sonsuz həvəslə,

Xoşdur görmək sənə

şiri qəfəsdə.

Hər nə istəyirsən, atandan istə,

Ay oğul, gəl burdan tez gedək bir az.

Ağardıb bu şirə həyat gözünü,-

Vurub mənliyinin yerə dizini.

Bu şirin başına

ömrü uzunu,

Nə çaqqal, nə də ki tülkü yığılmaz...

Meşədə bu şirin işi iş idi,-

Indi qulaqları gör nə eşidir!?

Bu şirin baxışı məni üşüdür,

Bu şirin gözündə yurd salıb ayaz...

Sovrulub bu şirin göyə ələyi,

Bir bax, dəmirdən də imdad diləyir...

Bu şirin qəfəsdə ölüb ürəyi,

Bu şirdən, bu şirdən daha şir olmaz;

Ay oğul, gəl burdan tez gedək bir az!..