KİÇİK DÜNYANIN BÖYÜK HƏQİQƏTLƏRİ

YAZARLAR 09:46 / 04.07.2024 Baxış sayı: 1162

Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru


    
Son zamanlar kitab təqdimatı haqqında mətbuatda və saytlarda müxtəlif fikirlər yer alır. Kiminə görə, kitab təqdimatları oxucu kütləsini cəlb etmək baxımından xüsusi əhəmiyyət kəsb edir, “kitab oxumağı ictimailəşdirir” (Ş.Xuduoğlu), kiminə görə, “kitab təqdimatları formaca bir-birinə bənzəyir” və ya "klassik təqdimat zamanı yazıçıyla oxucu arasında ünsiyyət yaranır” N.Köçərli) və “yazarlar hansısa orijinal bir şəkildə təqdimata yeniliklər qatırlar.” (R.Məcid).

Mən də bu fikirdəyəm ki, kitab təqdimatları oxucu kütləsini cəlb etmək baxımından xüsusi əhəmiyyət kəsb edir, “kitab oxumağı ictimailəşdirir”, "klassik təqdimat zamanı yazıçıyla oxucu arasında ünsiyyət yaranır”, “yazarlar hansısa orijinal bir şəkildə təqdimata yeniliklər qatırlar.” Kitab təqdimatı mənim üçün ziyalılarla görüş və yeni kitab deməkdir. Əməkdar jurnalist, tanınmış publisist və yazıçı Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya …” kitabının təqdimatı kimi... Nəfis poliqrafiyası ilə göz oxşayan və müəllifin xoş sözlərlə imzaladığı kitab mənim üçün ən gözəl hədiyyə oldu. “Çox kiçikdir bu dünya …” oxucuların rəğbətini qazanmış müəllifin, sayca on səkkizinci kitabıdır. 

“Çox kiçikdir bu dünya …” kitabın adı xüsusilə, diqqətimi çəkidi, çünki mənim təsəvvürümdə Dünya hər zaman çox böyük məkan olub.  Diqqətimi  çəkənlərdən biri də müəllifin, kitabdakı povest və hekayələri “həyat hekayələri” adlandırması oldu. Düşünürəm ki, bu kitabı oxumağa həvəsləndirici bir detaldır və mən də bu həvəslə kitabı oxumağa başladım.

Mənim kitab oxuma adətim bir az qəribədir. Ən irihəcmli romanı  birdəfəyə oxuyub qurtarmaq istəyirəm, hekayələri isə əksinə. Gəncliyimdə Mopassanın, Balzakın, O.Henrinin,  Çexovun hekayələrini də bu şəkildə oxumuşam. Zemfira xanım Məhərrəmlinin  də “Çox kiçikdir bu dünya …” kitabını birdəfəyə deyil, hər gün bir hekayə oxuyaraq bu günlərdə bitirdim. Bir hekayənin bitirib digərinə keçmədən öncə oxuduğum hekayədəki hadisələr və obrazlar haqqında düşündüm. Həm çox bəhrələndim, həm də çox təsirləndim. Hekayələrin bəzisi hamımızın  şahidi olduğu, amma münasibət bildirmədiyi, laqeydlik göstərdiyi real həyat hadisələrinin ədəbiyyatda inikasıdır. Yazıçı olmaq da elə bu demək deyilmi?  Hamının görmədiyini görmək, hamının görüb susduğuna susmamaq... Duyarlı, həssas ziyalı, vətəndaş olmaq... Yazaraq yanmaq, yanaraq yaşamaq, bir sözlə, əzabla yaşamaqdır, yazıçı olmaq. Hələ bu yazıçı bir qadınsa… Deyirlər ki, bütün dərdlər (Allah dərd göstərməsin!) qadınların ürəyindən keçir. Bəzisi dəyib keçir, bəzisi dəlib keçir. Gənc Zemfira xanımın bu yaşda açıq ürək əməliyyatı keçirməsi müəllifin cəmiyyətdə baş verən hadisələrə verdiyi reaksiyanın nəticəsidir, - deyə düşünürəm. 

Həyat hekayələri kimi təsnifləndirilən “Anam niyə gəlmədi?, “On iki yaşın sevinci”, “Dünya gör necə dardır”, “Sənə yanan varsa”, “Nöqtə boyda bir işıq”, “Heç kimi qınama”, “ Yuxunu suya danış”,  “Ailə sənin məbədindir”, “Qiyamətə qalmayan qisas”, “Heyva çiçəyi və ötüb keçənlər”, “Analıq haqqı”, “Kişilik dərsi” və “Oyuncaq” hekayələrindəki cəmiyyət-insan, ailə-mühit, fərd - tale məsələləri təsirli və diqqətçəkicidir. Hər bir hekayə fərqli mövzuları əhatə etsə də, bütövlükdə böyük əhəmiyyət kəsb edir.  Birini digərindən ayırmaq istəməsəm də, bir qadın olaraq ən çox məni həyacanlandıran “Sənə yanan varsa”, “Anam niyə gəlmədi?, “Ailə sənin məbədindir”, “Qiyamətə qalmayan qisas”, “Analıq haqqı” hekayələri və buradakı qadın obrazları oldu. 

Tarixən dünyada ən gözəl varlıq, ən dəyərli həyat mənbəyi hesab edilmiş, gözəllik və zəriflik rəmzi sayılmış qadın-ana  adı uca tutulmuş, bəşəriyyətin inkişafı onun yüksəlişi ilə ölçülmüşdür: “Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” “Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır.” Yaşadığımız cəmiyyətdə bunu unudanların, “ailəni özü üçün malikənə” sayanların sayı saymayanlardan azdır. Təəssüf ki, “ailəni özü üçün istehkam” hesab etməyənlər qadınlar də az deyil. Dini inancımızdakı “Cənnət anaların ayaqları altındadır”, milli inancımızda “Ana haqqı-Tanrı haqqıdır”, - fikrinə şərik olanlar da var, bu düşüncənin əksinə hərəkət edənlər də. Buna Zemfira xanımın hekayələrində də rast gəlinir. Bunun günahkarı daima hərəkətdə olan zamanmı, yoxsa zamana ayaq uydurub onunla ayaqlaşmaqmı? Hərəkətdə olan zaman özü ilə yeni adətlər, davranışlar gətirir.

Müəllifin hekayələrindəki qadınlar, əsasən ləyaqətli, cəfakeş ana, həyat yoldaşı, sədaqətli ömür-gün yoldaşıdır. Qurulan süjet əsasında qadınların analıq missiyası, intiusiyası, ailəsinə olan sədaqəti, taleyə boyun əyməsi, övladına olan sevgisi, vətən qarşısındakı məsuliyyəti kimi məsələlər işiqlandırılır. Kitabdakı ilk hekayə “Anam niyə gəlmədi” adlanır. 

Əsərin qadın qəhrəmanı Ləman həkimdir. Bütün dünyanı ağuşuna alan koronavirus bəlası ölkəmizi də qoynuna almış, insanların ona ehtiyacı var. Ailəsi ilə yanaşı, Ləman həkimin vətən qarşısında da məsuliyyəti var. Əslində, hekayədəki Koronaviris bəlasının fəsadlarını hamımız xatırlayırıq. Virusa yoluxan insanların ölümü, evlərimizə həbs olunmamız, özümüzü həyatdan təcrid etməmiz və s. Bunun üstündən o qədər də uzun zaman keçməyib. Belə çətin bir vəziyyətdə Ləman həkim bütün gücü ilə insanları “taclı virusun” əlindən qurtarmaq üçün öz həyatı bahasına xidmət yerində çalışır. Bu qədər gərginliyin içərisində o, bir an olsun qızı Laləni unutmur. Ana qızı Laləyə tez zamanda görüşəcəklərinə söz vermişdi, lakin indiki şəraitdə bu hələlik mümkün görünmürdü. O, qızı Laləyə məktub yazıb vəziyyəti anladır: “İş başında olmağım dözüləndir və bu məni əsla darıxdırmır. Bəlaya düşən insanlara tibbi yardım göstərmək üçün burdayam. Peşə borcumu yerinə yetirirəm.” Ana həmçinin “Çiyni paqonlu hərbiçi atanın” da vəziyyətini anladır:”Atan  hərbiçi silahdaşları ilə Vətənimizin sərhədlərini qoruyur. Biz həm özümüz, həm də doğmalarımız, çevrəmizdəki  insanlar üçün çalışırıq. Bu amansız virus bəlasından qurtulmaq üçün.” Xidməti iş yerlərində çalışan ata və ananın ciyərparaları Lalə isə nənəyə əmanətdir. Ləman ana bu qədər ağır və çətin şəraitdə qızı Laləni unutmur, hər an onu düşünür, onunla görüşü xəyal edir. Təəssüf ki, xəstələri ölümün cəngindən alan həkimlər də  bəzən bu xəstəliyə yoluxmaqdan özlərini suğortalaya bilmirdi, hər nə qədər kamuflyaj geyinsələr də… Ləman həkimlə, şəfqət bacısı Sara da virusa yaxalanır. Ağır bir vəziyyətdə olan, koronavirusla pəncələşən ananın ən çox yadına düşən, bir an xəyalından çıxmayan qızı Lalə idi. Ləman həkim “12 gündən sonra həmkarlarının tibbi yardımı ilə sağalıb xətəxanadan evə yazılsa da tibb bacısı Sara xalanı qurtarmaq mümkün olmamışdı. Evə yazılan ana “toparlanıb evə zəng etmiş, gələcəyini bildirmiş, qızının üzünü güldürmüşdü: “Lalə balanın gündə bəlkə yüz dəfə təkrarladığı “Anam niyə gəlmədi?!” - sualına cavab tapdığına şükürlər etmişdi. Bir həkim və bir ana kimi, Ləman öz vəzifəsinin öhdəsindən gəlmişdi. 

Kitabdakı hekayələri oxuduqca oxucu, həm ailə-məişət probleminə, həm sosial, maddi və mənəvi durumuna görə fərqli qadın hekayələri ilə və qadın obrazları ilə üz-üzə qalır. “Ailə sənin məbədindir”  hekayəsi də bunlardan biridir.  Oxucu hər gün döyülən, söyülən, şiddətə və təhqirə məruz qalan, qucağında cəmiyyətin gələcəyini böyüdən qadının acınacaqlı həyat hekayəsini İdman İnstitutunun tələbəsi ilə birlikdə izləyir: “Basketbol yarışından evə yorğun-arğın dönən tələbə birdən haradasa lap yaxında zarıltı, inilti səsi eşitdi. Eyvana çıxıb ətrafa göz gəzdirdi, aşağı boylandı, yenidən otağa döndu. Bu dəfə qəzəblə çığıran  kişinin qulaqbatırıcı səsi hönkür-hönkür ağlayan qadının səsini üstələmişdi. Qadına ünvalanan nalayiq söyüşlər açıq-aydın eşidilirdi. Biədəb söyüşlər bir deyil, iki deyildi. Qırılıb yerə tökülən qab-qacağın cingiltisi, döşəməyə çırpılan ağır əşyaların taqqıltısı  divarın o üzündəki “dava meydanı”ndan xəbər verirdi. “Vurma, ağrıdır axı! “Yaxın gəlmə körpəni əzərsən”, - fəryadı ananın faciəsindən, kimsəsizliyindən, gücsüzlüyündən, çarəsizliyindən xəbər verirdi. Ananın övladlarının gözü önündə döyülməsi və ya övladlarının ananın gözü önündə döyülməsindən ağır nə ola bilər ki… 

Hekayədən nümunə olaraq verdiyimiz bu sətrlərlə müəllif, hadisələrin baş verdiyi dörd düvarın içərisində yaşananları o qədər təsirli bir dillə anladır ki, bir oxucu olaraq özümü dörd divarın xaricində deyil, tam mərkəzində hiss etdim. Gözümün önündə övladın “İmdad” diləyən səsinə kar olan əyyaş atanın obrazı canlanır. 
Hər gecənin bir gündüzü olduğu kimi, yaxşı ki, həyatda pislərlə yanaşı, yaxşılar da yox deyil. Haqsızlığa dözməyən gənc tələbə kimi… “Qonşu mənzildə dörd divar arasındakı bitib-tükənməyən ruhu əzab və üzüntülərə, hər gün təkrar olunan işgəncə və söyüşlərə, bir sözlə  qapısını fələk vuran”, “kilidi açılmayan”, “dərd, iztirab yuvası” olan mənzildəki  yaşananlara biganə qala bilməyən tələbə, artıq özünü saxlaya bilməyib qapını döyür və qorxunc mənzərə ilə üzləşir: “Saçı-başı pırtlaşıq, gözünün suyu burnunun suyuna qarışmış oğlancığaz”, “əlindəki qayışla qarşısında düz çöküb yumağa dönən qadını döyərək, başına-gözünə zərbələr endirən üzütükli eybəcər varlığın dəhşət saçan görkəmi və döşəmədə sürünüb göz yaşı tökən, anasına can atan, burnundan qan süzülən körpə…” Gördüyü mənzərədən dəhşətə gələn gənc tələbə “bu əzazil vücuda sarı sığıyaraq yaxasından yapışır.” Qadını döyərkən qəhrəmana dönən əzazilin qorxudan gözləri böyüyür. Onun, “Sən kimsən”, - sualına tələbə gəncin “Yaramazlığından əl çəkməsən, bundan sonra hər gün qarşında məni görəcəksən”, - sözləri qaranlıqda işıq kimi parlayır. Əzilən, döyülən, təhqir olunan qadının müdafiəsinə qalxan gənc tələbə ailəsinə zülm verən axmaq kişiyə söylədiyi sözlər düşündürücüdür. Eyni zamanda bir mesajdır: "Niyə anlamırsan ki, ailə insanın məbədidir." 

Müəllif, hekayədə iki kişi prototipini qarşı-qarşıya qoyur. Qadına əl qaldıran, təhqir edən də kişidir, onu müdafiə edən də. Burada maraqlı bir nüans ortaya çıxır. Bu necə ola bilir? İstər qadın olsun, istərsə də kişi böyüdüyü, tərbiyə aldığı ailənin güzgüsüdür. “Əzazil”i də dünyaya gətirən və tərbiyə edən anadır, humanist “gənc tələbə”ni də. Hər bir insanın formalaşmasında ailə mühitinin önəmli rolu var. Deyirlər ki, “Oğul atanın yarısı sayılır.” Ana isə bəşəriyyətin gələcəyidir. Almanlarda belə bir məsəl var: “Siz mənə ağıllı və ismətli qadınlar verin, mən sizə gələcəyi bəxş edim.” Doğrudur, ailədən asılı olmayan nüansların olması da istisna deyil. Müəllif, eyni cinsə mənsub olan iki fərqli kişi obrazını qarşılaşdırmaqla bir çox incə mətləblərə toxunur. Bunlardan biri ailə amilidirsə, digəri isə ictimai qınaqdır.

Belə ki hekayədəki hadisələrin bənzəri ilə, döyülən, söyülən, övladlarının önündə mənliyi alçaldılan qadınlarla rastlaşdığımız çox olub, amma reaksiya vermişikmi? Və ya reaksiya verdiyimizdə qınandığımız da az olmayıb: “Ailənin işinə qarışma.” 

Peyğəmbərimizin ayaqlarının altını cənnət gördüyü anaya-qadına olan bu münasibət gələcəyimizə, mənəvi dəyərlərimizə hörmətsizlikdir. Qadın müqəddəsdir, qadın anadır, qadın bacıdır, qadın eşqdir. Bunlar gəlişigözəl sözlər deyil. Müəllif də, qadının yerini və dəyərini verməklə yanaşı, ailə münasibətlərinə, ailələrin sevgi və hörmətlə deyil, zorbalıqla idarə edilməsinə qarşıdır. Zemfira xanımın ailəni bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkana - məbədə bənzətməsi təsadüf deyil. Ailənin müqəddəsliyini vurğulayan müəllif, ailənin kişi üçün müqəddəs məkan - məbəd olduğunu və  onu qorumağın vacibliyini vurğulayır.  
Bir haşiyə çıxaraq bildirim ki, bu sətrləri yaza-yaza illər öncə Almaniyada gördüyüm və heyrətlə izlədiyim (sonralar hörmətlə və böyük bir zövqlə xatırladığım) bir hadisəni xatırladım. İki üz-üzə dayanmış möhtəşəm binanın önündə dayanmışdıq. Bir - birinə parallel olaraq tikilən binaların birinin fasadında kişilər, digərində isə qadın sütun-heykəllər sıralanmışdı. Estetik olaraq da möhtəşəm görünüşə malik olan bu binalar mənim şüuraltında əbədiləşdi. Cəmiyyət qadınlarla kişilərin çiyinlərində bərqərar olur. Ata və ana isə kiçik cəmiyyət olan ailənin sütünudur.  

Zemfira xanımın hekayələrinin hər biri çox qiymətlidir və günümüzlə səsləşən mövzulardır. Məsələn, "Sənə yanan varsa..." hekayəsi... Hekayədə yaşananlar günümüzün reallıqları əks etdirilir. Qadınların qadınlar tərəfindən kiçildilməsi, ailələrə yalançı sevgilərlə olunan müdaxilələr, kişilərin vəfasızlığı (bu məsələdə qadınlar da istisna deyil), məbədindəki qadına dəyər verməməsi, xoşbəxtliyi, anlıq xoşbəxtlik eşqiylə səadəti başqa qadınlarda araması kimi məsələlərə ürək ağrısı ilə toxunulur. Müəllif, sadə, ancaq ustalıqla qurduğu süjetlə müəyyən maddi məqsədlərlə, ailəli kişiləri yoldan çıxaran qadınların iç üzlərinin açılmasına nail olur.  “Beş-altı ay əvvəl tanış olduğu naz-qəmzəli xanımın yanına tələsən biznesmen” sevgili yolda baş verən qəza nəticəsində yaranan tıxac səbəbiylə gözləmək məcburiyyətində qalır. Köməyə tələsən ağxalatlıları görüncə, həkim – travmatoloq dostunu xatırlayır. “Tıxacda qalmaqdansa dostumla görüşərəm”, -deyə düşünür və dostu ilə görüşmək üçün onun işlədiyi yerə gəlir. “İllərin həsrətlisi kimi qucaqlaşıb, bir-birindən hal-əhval tuturlar.” “Biznesmen” həkim dostuna indicə şahidi olduğu  yol qəzasından danışır. Sonra isə: - “deyirlər “kişinin başına iş gələr.” Bir qadınla görüşürəm. Bu ağır yol qəzasıyla qarşılaşandan sonra, düşündüm ki, başıma bir iş gəlsə  həmin gözəl buna necə yanaşar? Lap elə tutaq ki, belə bir qəzada ayağımı itirsəm, məni özünə yaraşdırarmı? Eşitdiklərinə biganə qalmayan və söylədiklərini dostuna yaraşdırmayan həkim deyir: “İstəyirsən, hər iki qadını sınayaq, fikirlərini öyrənək?” Dostu deyir: - “Necə.” “Səbr elə, biləcəksən, deyən gənc həkim dostunun telefonunu alıb sonuncu nömrəni yığır və səsucaldanın düyməni işə salır: “Xanım, avtomobil qəzasında xəsarət almış gənc bir kişini klinikamıza gətiriblər. Qəzadan əvvəl, sonuncu dəfə telefonda sizinlə danışıb. Vəziyyəti ciddi, kritik idi. Qanqren olmasın deyə, onun hər iki ayağını amputasiya etdik. Gəlib evə apara bilərsiz.” 

Elə bu zaman otağa ötkəm, qaba bir səs yayılır: - Nə dediniz, iki ayağı kəsilib? Sonra daha kəskin, ədalı tərzdə: - “Yanlışınız var. İndi onun mənə heç bir aidiyyatı yoxdur? Daha mənə gərək deyil. Gözəlçə arvadını axtarın, ərini çox sevdiyini söyləyirdi. Qoy gəlib axsaq, şikəst ərinə sahib çıxsın, yiyəlik eləsin.” “Bir an öncə görüşünə can atdığı”, “çox müşkülünü asan etdiyi”, ehtiyaclarını ödədiyi qadından eşitdikləri qarşısında sarsılmış, tutduğu əməldən peşiman olmuşdu. Həkim dostu düşündükləri sınağı başa vurmaq üçün bu dəfə də dostunun evinə zəng vurub məlumatı çatdırır. Xəbərdən sarsılaraq hönkürən qadının cavabına heyran qalırlar: “Siz nə danışırsız? Ona canım qurban o indi haradadır? Klinikanızın yerini deyin, lütfən. Kaş heç bu yağmurlu havada eşiyə çıxmayaydı, qəzaya da düşməyəydi.  Yaralı canına qurban olum. Nə yaxşı ki, sağdır, İlahi! Hər əziyyətini özüm çəkərəm, gözümdən aralı qoymaram onu…” İncitdiyi, əzab verdiyi, aldatdığı zövcəsinin  sözləri onu əsl sevənin kim olduğunu və “əsl xoşbəxtliyin nə olduğunu anlatmışdı…” 

“Ailə sənin məbədindir” hekayəsində iki kişi prototipini qarşılaşdıran müəllif, “Sənə yanan varsa” hekayəsində isə iki qadın prototipini qarşılaşdırır. Gecə olmasa, gündüz, qara olmasa ağın dəyəri bilinmədiyi kimi, pis olmasa da yaxşının dəyəri bilinməz. Hekayədə ustalıqla yaxşı ilə pisi qarşılaşdıran müəllif, burada da ailənin, qadının müqəddəsliyinə toxunur. Qarşılaşdırmada məlum olur ki, “görüşünə tələsdiyi gözəl qadın, əslində mənəviyyatsız, meşşan həyat sürən bir qadındır. Nə sevmir, nə də sevgiyə dəyər vermir. “Biznesmen sevgili”yə münasibəti yalnız müəyyən  məqsədlər üçündür. 

Kitabdakı povest (“Oyuncaq”) və hekayələrdə  “On iki yaşın sevinci”, “Dünya gör necə dardır”, “Nöqtə boyda bir işıq”, “Heç kimi qınama”, “ Yuxunu suya danış”, “Heyva çiçəyi və ötüb keçənlər”, “Kişilik dərsi”ndə  müəllif, baş verən müxtəlif hadisələrə münasibət bildirir, gələcəyimiz saydığımız gənc nəslə önəmli mesajlar verir. Qeyd edim ki, “Oyuncaq” povestində iki gənc sevənin, Rəsulla Nərgizin arasına girən Səmayə də yüngülxasiyyətli bir qızdır. Rəsulun sevdiyi qızın olduğunu bildiyi halda onları ayırır. Sonda Rəsul onu pak, təmiz duyğularla sevən Nərgizi deyil, Səmayəni seçir və onunla birlikdə yaşamağı seçməklə oxucunu məyus edir.

 Zemfira xanımın “On iki yaşın sevinci” hekayəsini xüsusilə,  qeyd etmək istəyirəm. Hekayədəki ata obrazı “Ailə sənin məbədindir” hekayəsindəki ata obrazını xatırladır.  Cəmiyyətimizdə tez-tez rast gəldiyimiz əyyaş, sərxoş ataların obrazı… “Alkoqol düşkünü olduğu üçün onu işdən çıxarıblar. Əcaib hərəkətləri, kobud davranışı ilə arvadını xəstə edib.”  12 yaşlı oğul, öz-özünə düşünür: “Bu həyat, görəsən, nə vaxt bitəcək?" Çünki evə kefli gələn kişi, hər gecə yaratdığı qalmaqal, dava-dalaşla  kiçik yaşlı oğlunu, yüksək qan təzyiqindən əziyyət çəkən arvadını, hətta qonşuları da boğaza yığıb. Heç bir nəsihəti, yalvarışı vecinə almır, hətta ayaq altında diyirlənən boş araq şüşələrinə nifrətlə baxan yeniyetmə oğlunun bu fəryadına da əhəmiyyət vermir. “Ata, nə olar, az iç bu zəhrimarı! Çoxdan mizan-tərəzisi pozulmuş ailənin sözdə başçısı, oğlunun "ata, sabah mənim ad günümdür, istərdim ki, bizim də süfrəmizdə gözəl yeməklər olsun, sinif yoldaşlarımla bu günü qeyd edim", - deməsinə heç bir reaksiya vermir. Evdən baş götürüb çıxan, başında qarışıq fikirlər dolaşan oğlan məhəllədə yaşıdları ilə qarşılaşsa da, onlara bənd olmayıb yoluna davam edir. Hara gedəcəyini bilməyən parkda xəzəlləri ayağı ilə dağıda-dağıda yürüyən oğlan xəzəllərin altına düşmüş “təptəzə "Ayfon" telefonu tapır.  İlk başda sevinir və düşünür: "bu bahalı telefonu satsam, xeyli pulum olar, evimizə çoxlu ərzaq, anama dava-dərman və təzə paltar alaram. Axı, sabah həm də ad günümdür." Bu aman əlindəki telefon zəng çalır. Telefonun ekranında bu sözlər yazılmışdı: "Anamın zəngi." Telefonu açmasa da telefonu itirən şəxsin anasının zəngləri bir an ara vermir, övladından nigaran qalan ana cavab almaq üçün israrla zəng edirdi. "Axı, telefonu aça bilmərəm, cavab versəm, telefonu mütləq qaytarmalı olacağam”, - kimi ziddiyyətli fikirlərlə oğlan birdən öz anasını xatırlayıb qeyri-iradi telefonu açır və cavab verir. Qızından nigaran ananın, “Kimsiniz, qızımın telefonu niyə sizdədir? Neçə saatdır ki, qızımla danışa bilmirəm. Onun başından bir tük əskik olsa sözlərinə oğlan, “Qızınız barəsində heç nə bilmirəm. On dəqiqə öncə bu telefonu xəzəllərin arasından tapmışam”, - deyə cavab verir. Oğlan isə ananın təlaş dolu səsini dinləyə-dinləyə sövq-təbii qızın axtarışına çıxmışdı. Sıx çətirli ağacların arasındakı skamyada tənha bir qızın oturduğunu görüncə, ona yaxınlaşıb soruşdu:  “Siz telefonunuzu itirmisiz? Sizin "Ayfon"u tapmışam. Alın, ananızla danışın.” Qızı ananın görüncə başına gələnləri anladır, sonda isə deyir: “Kaş belə bir qardaşım olaydı, ana...”

Olunan pislik unudulmadığı kimi, yaxşılıq da unudulmur və əvəzsiz qalmır. O etdiyi əməlin mükafatını ertəsi gün alır. Qapı  döyülür. Sərxoş ata gözəl geyimli, şux qamətli bir xanımı kandarda görəndə təəccübünü gizlədə bilmir. Qadın gətirdiyi hədiyyələri, pal-paltarı, ərzaq bağlamalarını və zərfin içinə qoyduğu pulu elə dəhlizdəki kiçik masanın üstünə düzüb: “Çox tərbiyəli, ağıllı oğlunuz var, - deyir. Onun yerinə başqası olsaydı, tapdığı bahalı telefonu heç qaytarmaq barədə düşünməzdi. Üstəlik o, hələ oğru-cibgirlərin əlindən qurtulmuş qızımı bu telefonla tapmaqda mənə kömək eləyib. Daha hansını deyim... Kaş mənim də belə bir fərasətli, zirək oğlum olaydı... Hədiyyələr onundur. Bu azyaşlı, saf ürəkli oğlanın yaxşılığını heç vaxt unutmarıq.”  Qadından oğlunun ünvanına deyilən xoş sözləri, alqışı eşidən ata yerində donub qalmış, evin bir küncündə, çarpayıda yatan xəstə ana yorğan-döşəkdən silkinib ayağa qalxmış, dəhlizə çıxmışdı. Hekayənin 12 yaşlı qəhrəmanı isə dəhlizə açılan qapının arxasında dayanıb ötən günün olayları barədə düşünürdü. Qızına görə dünən sıxıntı keçirən ana ilə də görüşməliydi. Oğlan irəli yeriyib qadınla köhnə tanışlar kimi salamlaşdı, onu içəri dəvət etdi: “Təsadüfə baxın ki, bu gün mənim ad günümdü, on iki yaşım tamam olur. Gəlin, birlikdə qeyd edək!”  Beynində qurduğu ad günü etdiyi bir yaxşı əməllə öz=özünə hasil olmuşdu. Deyirlər ki, “Dünya etmə, bulma dünyasıdır.” Azyaşlı oğlan etdiyi hərəkətlə özü-özünü ödülləndirmişdi. Dünyanı “Yaxşı əməl, yaxşı söz və yaxşı iş” qurtaracaq”, düşüncəsi doğruymuş. Xeyir əməl pis əmələ qalib gəlmək, nəfsi öldürməkdir.12 yaşlı oğlanın etdiyi hərəkət gözəl örnəkdir.  

Bütövlükdə, kitabdakı hekayələr: "Heç kimi qınama", “Qisas da qiyamətə qalmır”, “Kişilik haqqı”, “Heyva çiçəyi və ötüb keçənlər” maraqlı və oxunaqlıdır.  "Nöqtə boyda həyat işığı" isə qardaş Türkiyədəki dəhşətli zəlzələ qurbanlarının xatirəsinə həsr edilmişdir. Kitabın “Qarabağ hekayətləri” bölümündə isə savaşın həyatımıza gətirdiyi fəlakətləri inikas etdirən, əsasını vətənpərvərlik, yurdsevərlik təşkil edən nəsr nümunələri yer almışdır. Hekayələrdə Birinci Qarabağ savaşı dönəminə məxsus nəslə vurulmuş psixoloji zərbələr, işğal illərində yaşadığımız ağrı,  kədər, mənfur erməni quldurlarının törətdiyi vəhşiliklərlə yanaşı, millətimizin vətən sevgisi, Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun bir yumruqtək birləşərək böyük zəfərə çatmaq üçün göstərdiyi igidlik, vətən səmalarında dolaşan şəhidlərimizin, qəhrəman qazilərimizin bəxş etdiyi böyük Zəfərimiz çox real və təsirli şəkildə əks olunmuşdur. Çünki 1991-ci ildən mətbuatda hərbi mövzuda çıxış edən, Zemfira Məhərrəmli, dəfələrlə "qaynar" nöqtələrdə olub, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda vuruşan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları dərc etdirib. Müəllif, yaradıcılığında Vətənin azadlığı uğruna döyüşən "Ağ atlı oğlan"la "Ağ atlı qız"a eyni müstəvidən yanaşıb. Vətən eşqi ilə döyüşə atılan, qəhrəmanlıqları ilə dastan yazan "Ağ atlı qız"larımıza - Nərmin Abbasquliyevanın dastan yazıb,  bədii obrazını əbədiləşdirib. "Son görüş və ayrılıq... Əbədi xatirə" hekayəsində yarımçıq taleləri, ayrılıqları böyük kədərlə hekayəsinə mövzu edib. Hekayənin qəhrəmanları Salehlə Gülərin sevgisi ötən illərdə Qarabağda yaşanan və Salehin şəhid olması ilə yarıda qırılan nakam sevgilərin real bədii təsviri, yüzlərlə real hekayənin ədəbiyyatda inikasıdır.

Zemfira xanımın "Əbədiyyət nəğməsi", "Kiçikhəcmli poetik etüdün" qəhrəmanı Qaratel Hacımahmudovadır. Qaratelin obrazı insan şüurunun alt qatında yaşayan yurd, torpaq arxetipi ilə səsləşir. Hələ sağ ikən cəbhədəki rəşadətləri dilə-ağıza düşüb əfsanələşən, son nəfəsinə qədər misilsiz qəhrəmanlıqlar göstərib döyüşən və döyüş meydanında qəhrəmanlıqla həlak olan Qaratelin varlığı və adı torpaq kimi əbədiyyətin simvoluna çevrilir. “Aslanın erkəyi, dişisi olmaz” müstəvisindən yanaşan müəllif, sözüylə, qələmiylə döyüşən "Qarabağın Salatını", Vətən eşqiylə döyünən ürəyindəki sevdanı içində dəfn edən, könül verdiyinə "Qəbirdə qovuşanlar"dan olan talesiz Rəhiləni, barəsində cəsarət və əbədiyyət nəğməsi bəstələnsə də, bu şərqini heç vaxt eşitməyəcək Qarateli, "Son döyüş"ündə şəhid olduğu torpağa qanıyla sədaqət möhürü vuran cəsur qız Sədaqəti, incə bədənində cüssəsindən daha böyük ruh daşıyan və ömrünün iyirmi birinci payızında xəzan yarpağı kimi doğma torpağa düşən Könülü, oğlu ilə çiyin-çiyinə vuruşan, onu əlləriylə torpağa tapşırıb yenidən cəbhədəki odun-alovun içinə qayıdan cəsur Nurcahan ananı, cəbhədə qardaşlarının yarasını saran, qanadlanmış mələktək cövlan edən Nərminəni, könül verdiyi cəsur Həsənin batalyonunda düşmənlə vuruşan və Vətən dərdiylə Tanrı dərgahına qovuşan Rahilə Qorxmazı da bütövləşdirir, cəsarət, sədaqət, dəyanət və ləyaqət simvolu kimi əbədiləşdirir. Tarixdə “can verib, ad alan”ları əbədiləşdirənlərə eşq olsun! 
Belə bir deyim var ki, “Söz uçar, yazı qalar.” Hələ bu söz  taleyin məğlub etdiyi insanlar – ziyalılar tərəfindən deyilib və ya yazılıbsa… Yazıçının da yazmaqda məqsədi budur; yazılan əsərin əbədilik qazanması, oxucular tərəfindən oxunması, sevilməsi, ən əsası isə həyat yollarında onlara yol göstərməsi, fənər olub yollarını işıqlandırması…

Zemfira xanımın “Çox kiçikdir bu dünya...” kitabı  kitabsevərlərə böyük töhfədir. Əminik ki, oxucular tərəfindən oxunacaq, seviləcək, ən əsası isə onlara həyat yollarında yol göstərəcək, yollarını işıqlandıracaq. Mübarək olsun!