Poemadan bir parça  -  Ayaz Arabaçı

Ədəbiyyat 09:09 / 03.07.2024 Baxış sayı: 1225

Nəfəsimi dərə-dərə bu əfsanəvi qəhrəman haqqında bir poema yazmağa başladım..Bir az xəyallarıma güvəndim, bir az tarixin solğun vərəqlərinə göz gəzdirdim, bir az da səngərlərin soyuğunu canıma çəkdim..

O acı illərdə bizə cəsarət şirinliyi daddıran oğul, ruhun şad olsun.

Ruhun şad olsun Natiqimiz!!!

Hələ ki kiçik bir hissəni paylaşıram..

I

Çoxdan yazılmalıydı adına bu misralar,

Çoxdan yazılmalıydı 30 il bundan qabaq.

Qızıl tonqalın altda əridi sırsıralar,

Əridi bircə anda, taleyin hökmünə bax.

 

O canlı əfsanələr gəzirdi başımızda,

Bilirdik batmaz belə, səsin-sədan, harayın.

Çəkildi boz dumanlar-

açıldı qarşımızda,

 

İyirmibir otaqlı şanlı ömür sarayın.

İyirmi bir yaş dedim, iyirmi bir yaşında,

Yardın bir şahin kimi dağların sinəsini.

Gördük uzaq illərin pozulmaz yaddaşında,

 

Qollarının gücünü, ürəyinin səsini.

Hec cür inanmaq olmur, biz ancaq yaşadardıq,

Bir vaxt xəyalımızda bəlkə bütün bunları.

Canlı bir şahidiydi, dindi susmadı artıq,

 

Dindi köhnə məbədin qocaman sütunları.

Burda od nəfəsi var yenilməz oğulların,

Dindi qoca məbədin minillik kahinləri.

Burda zəhri yarılıb öz nəfsinə qulların,

Burda tarix yazıblar "Qarabağ şahinləri"..

 

Qəzəb dalğasındayam, ancaq söyüşlər yasaq,

Sanki ölüm hökmünə susur bir qara balıq.

Daha nələr danışar,tarixi qurdalasaq,

Adam kimi dil bilir bu qoca xarabalıq.

 

Burda o batolyondan bircə nəfər sağ qalıb,

Bircə Natiq sağ qalıb o da mühasirədə.

Zəfər kitablarının vərəqləri ağ qalıb,

Od-alovun içində düşmənə gəlir hədə..

 

Bir səs-səmir gəlməyir döyüş yoldaşlarından,

Qədim alban kilsəsi ölü canlara qəfəs.

Od qopur minarənin minillik daşlarından,

Bircə Natiq sağ qalıb bir batalyona əvəz..

II

Atını tərpədərək əzəmətli sərkərdə-

Sübhün sərin dan yeli,

bayrağımı oyatdı.

Bir xəbər baş tacıydı xəbərlərin, ölkədə,

İçimdə donub qalan bayramımı oyatdı.

 

Gəzib gəldi qəlbimiz başqa planetləri,

Hiss elədik bu dəfə biz onu canlı-canlı.

Gözlərimiz aradı qırmızı manşetləri,

Hərarətlə, həvəslə, tələsik həyəcanlı.

 

Yudu göz yaşlarımız qəlbimizdən hüzünü,

Qovuşdun şükür olsun, layiq olduğun ada.

Əgər bilmək istəsən , igid oğlan, düzünü,

İndi hamı tanıyır səni bütün dünyada.

 

Beş gün gecəbəgündüz susmayıb avtomatın,

Bilirik danışmısan düşmənlərlə nə tonla.

Bilmirik harda bitdi, necə bitdi həyatın,

Öyündük o mübarək qəhrəmanlıq fotonla.

III

Əyilmişdi göylərin uca qübbəsi yerə,

Baxammırdıq üzünə nə bir dostun, nə yarın.

Qəzəbimi sığdıra bilmirdim sözə, şerə,

Şaxta hökm eləyirdi içində bu diyarın.

Şərəfsizlər kürsüdə dəm vururdu şərəfdən.

Yüyən görməmişdilər baş aparan damaqlar.

 

Bayquş kimi səs-səsə vermişdi hər tərəfdən,

Mənasız arzularla, xəritəsi yamaqlar.

Vətənin yaraları ürəyində qövr edən,

Yernən əlləşən igid, göynən əlləşən igid.

 

Damarında qeyrəti qan yerinə dövr edən,

İyirmibir yaşında əfsanələşən igid.

Döyüşdün yorulmadan hey gündüz də,gecə də,

Ləyaqətlə bitirdin həm də son vuruşunu,

 

Bütün dünya mat idi,itirmədin necə də,

Düşmənin ortasında öz məğrur duruşunu.

Titrəmədi tətikdə bircə gün də barmağın,

Dönmədin öz yolundan bu çovğunla, bu qarla.

 

Yeriyirdin inamla başın üstə bayrağın,

Babəki xatırladan əzəmətlə, vüqarla.

Qəzəbin örtük idi çəkdiyin ağrılara,

İyirmibir yaşından dillərdə dastan igid..

 

Sən öz haqq savaşınla göstərdin yağılara,

Göstərdin necə olur, şir igid, aslan igid.

Güllələr ac quş kimi qapırdı hər bir "dən"i,

Qanına bələyirdi yolları- cığırları

Kilsədə bir batalyon əsgər zənn edib səni,

Qorxuya düşmüşdülər erməni dılğırları...

Bir 1 nəfər və mətn şəkili ola bilər