Sona Vəliyeva : - Məni darıxmaqdan qoru, Allahım.

Ədəbiyyat 08:41 / 04.07.2024 Baxış sayı: 663

 

Qoyma bu yağmurda darıxam, Allah,

yarpaqtək tökülüb, itib gedərəm.

Könlümün qapısı payıza açıq,

rüzgar qəfil qopar, itib gedərəm.

 

Eşqin ayrılığı vüsalda gözəl,

yarpaq xatirələr, xəzəldi, xəzəl.

Darıxmaq yer-göydən, bəlkə də, əzəl,

Məni darıxmaqdan qoru, Allahım.

 

Mən uşaq kimiyəm sözə aldanan,

bir payız qılıqlı üzə aldanan.

Səndən dözüm gəlsə, bəlkə, dayanam,

Məni darıxmaqdan qoru, Allahım.

 

Ruhumun işığı bədənə sığmaz,

Tanrı sovqatıdır, kimsələr duymaz.

Sol əlin yığdığın sağ əl saxlamaz,

beləcə, boş əllə bitib gedərəm.

 

Bu mənəm – bir ömür darıxan adam,

yağışla dərdləşən, danışan adam.

Mən yerdə qəribəm, göyə naşıyam,

məni darıxmaqdan qoru, Allahım.