Ehtiram İlham : - 70 YAŞIN 70 KƏLMƏLİK  ALXIŞI

Gündəm 09:31 / 04.07.2024 Baxış sayı: 3010

Çox-çox qədim əfsanələrdən gələn Adamdı Rafail İncəyurd.

Böyük-böyük kişilərdən bizə ərməğan qalan tutya bir Könüldaşdır.

Qədim-qayım İncə dərəsinin mahiyyətini ruhunda yaşadan son mogikanlarından biridir həm də.

Həm də o şəxsiyyətdir ki, cismində nə boyda ürək yaşatdığının fərqində olmayıb çox vaxt... ona görə ki, bəlkə də özündən asılı olmayaraq dünyaya passionar olaraq gəlmiş bəxtəvərlərdəndir. Ki missiyasını dünyanın sonunadək şərəflə daşıya bilsin.

Belə şəxsiyyətlər haqda ulu Şəhriyar "gözəllərin axıra qalmışıydı" deyir. Bəlkə də hələ az söyləyib böyük ustad.

...Rafail İncəyurd öz sısqa və arıq vücudunda bütöv bir məmləkətin eşq və ağrı sevdasını yaşadan ruhdaşımızdır. Onun qoşduğu məqamların ucalığı adamın gözünü qamaşdırar. Onun vardığı gözəlliklərin işığından könüllər pərvaz edər. Onun daldığı dərinliklərin aydınlığında itib-batmaq olar.

...Nə yaxşı ki, Uca Tanrımız səni həm də bizim bəxtimizə urcah eləyib, Rafail İncəyurd. Sənə baxıb özümüzü nizamlamaqdan ötəri. Hər şeyə rəğmən saz tutub içimizi təmizləməkdən yana.

Bir də saza bağlanıb, sözlə havalanmaq üçün.

70 yaşına heyran, əzizim, canım-gözüm Rafail İncəyurd!

Bu şərəfli yaşının hər günü bir-birindən gözəl, bir-birindən dəyərli və bir-birindən alidir.

Həmişə o ucalığında qal.

Bağrıma basıram!