Ermənilərin Makron TƏLAŞI

SİYASƏT 09:04 / 04.07.2024 Baxış sayı: 612

“Avropa Parlamentinə seçkilərdə ağır zərbə alan və rüsvayçı məğlubiyyətə uğrayan Emmanuel Makron növbədənkənar seçkilərdə də çətin vəziyyətə düşübdür”.Yenises.az bildirir ki, bu  sözləri  verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, seçkilərin birinci turunda Marin Le Penin sağçı populist “Milli birlik” Partiyasının səslərin 35,15 faizini qazanması və birinci yerdə qərarlaşması, prezident E.Makronun “Birgə Respublika Naminə” mərkəzçi blokunun isə səslərin cəmi 20 faizdən bir qədər çoxunu toplayıb üçüncü yeri tutması Fransanın hazırkı dövlət rəhbərinin siyasətdə səriştəsizliyinin nəticəsidir.

“Özünün 7 illik hakimiyyəti dövründə Emmanuel Makron Fransa xalqının taleyi və gələcəyi üçün yadda qalan elə bir fəaliyyət sərgiləməyib, əslində, rəhbərlik etdiyi dövlətin və xalqın nüfuzuna ciddi xələl gətiribdir. Dövlət rəhbəri kimi o, beynəlxalq hüquq normalarına zidd hərəkətləri, saxta bəyanatları, şovinist baxışları, bəşəriyyətə zidd çağırışları, təcavüzkar siyasəti ilə Fransa tarixinə qara ləkə salıbdır, nəinki öz xalqının, sülhsevər insanların nifrətini qazanıbdır.

Ölkə daxilində qeyri-fransızlara, xüsusilə müsəlmanlara, islama münasibətdə, müstəqil dövlətlərin daxili işlərinə qarışmaqda, işğal altında saxladığı ölkələrin xalqlarına qarşı amansız davranışda, zülmə, müharibəyə, təcavüzə dəstək verməkdə özünəməxsus məkrli siyasət yürüdən Makron erasının artıq sonu yetişibdir. Makron hakimiyyətdə olduğu illər ərzində neokolonialist iddiaları ilə fərqlənib, vandalizmə və zorakılığa rəvac verib, müharibələrin, münaqişələrin genişləndirilməsinə imkanlar yaradıb, Azərbaycana nifrətini, xalqımıza düşmənçiliyini gizlətməyib, uğurlarımıza kölgə salmağa çalışıbdır. O, təcavüzkar Ermənistanın yanında olduğunu açıq-aşkar nümayiş etdirib, işğala hüquqi don geyindirməyə, düşməni silahlandırmağa, müharibəni qızışdırmağa səy göstəribdir. Bilirik ki, Ermənistana ən çox dəstək və silah verən də sözsüz, Fransadır.

Makronun məğlubiyyəti əlbəttə ki, Ermənistanda birmənalı qarşılanmır. Təcavüzkar dövlət artıq ən böyük dayağını və yolgöstərənini itirməkdədir. Bu, Ermənistanın da məğlubiyyəti kimi qiymətləndirilməlidir. Artıq iki təcavüzkar ölkənin məkrli niyyətləri iflasa uğrayır və Cənubi Qafqazda sülhün, əminamanlığın bərqərar edilməsinə ümidlər çoxalır. Makron erasının acı sonluğu Ermənistanı bir daha düşündürməlidir və təcavüzkar ölkə sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərə tezliklə əməl etməlidir. Ermənistan öz Konstitusiyasında dəyişikliklər etməli, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarına son qoymalı, Cənubi Qafqazda sabitliyin yaradılmasına zəmanət verməlidir. Paşinyan bilməlidir ki, Makron kimi avantrustə arxa çevirməklə öz xalqını uçuruma aparır və dövlətinin məhvinə zəmin yaradır. O, Makronun siyasətinin acınacaqlı vəziyyətindən nəticə çıxarmaqla təcavüzkar əməllərə, silahlanmaya, dövlətimizə qarşı şantaj, böhtan kompaniyasına son qoymalıdır. Azərbaycan Prezidentinin sülh əminamanlıq əməkdaşlıq çağırışlarından, bəşəri əməllərindən, xalqların və dövlətlərin gələcəyi üçün istiqamətləndirilən fəaliyyətindən dərs almalı, lazımı tədbirlər görməlidir”, deyə Tahir Rzayev bildirib.