Əlizadə Nuri : -- Hamı sol yanını sağ istəyirmiş...

Ədəbiyyat 10:01 / 04.07.2024 Baxış sayı: 705

 

Sevinc əkiləndə mən də varıydım,

Yada salmadılar biçində ,qadın.

Tanrı bir "bağlama" göndərib mənə

Sənin adın yoxdu içində, qadın.

 

Sən hara çəkildin?- sən çəkiləndən,

Bir gün də nəşəm yox, min gün ahım var.

Mən sənə min dəfə ,,bağışla" dedim-

Sən elə bildin ki, min günahım var.

 

Bəlkə də bu dünya sənsiz başlayıb,

Amma bu dünyanın sonunda sənsən.

Hamı sol yanını sağ istəyirmiş-

Nə yaxşı, mənim də solumda sənsən.

 

Gəl, gedib oturaq öz küncümüzdə,

Bizim nə işimiz özgə masada?

Adam hərdən çıxıb getmək istəyir

Lap elə getməyə yer olmasa da...

 

...Sevinc əkiləndə mən də varıydım,

Yada salmadılar biçində, qadın.

Tanrı bir ,,bağlama " göndərib mənə-

Heyif, adın yoxdu içində, qadın...