Xatirə Rəhimbəyli : - Gəl gedək taleyin uzaqlarına...

Ədəbiyyat 08:27 / 04.07.2024 Baxış sayı: 461

*****

Gəl gedək taleyin uzaqlarna ,

Nə bir ağı səsi , nə gülüş səsi ,

Nə hicran naləsi , nə eşq busəsi

Çatmasın duyğunun qulaqlarına !!!

 

Üfürülüb şişib sərt duyğulardan ,

Az qala partlayan ürəyi ovut ,

Özünü şıdırğı göz yaşına tut ,

Yuyulub təmizlən boş qayğılardan !

 

Təmiz ayna kimi, aydın gün kimi ,

Ömrünün göyündən yenidən asıl ,

Başını hərləyən ağıldan açıl ,

Açıl bu dünyadan bir düyün kimi !

 

Saçaqlan ,şəfəqlən ,pırıl-pırıl yan ,

Heyrətin tərtəmiz dan yerinə doğ,

Vüsalını öldür , həsrətini boğ,

Ayıl bu dünyaya yalan sevdadan !

 

Gəl gedək taleyin uzaqlarına,

Nə bir ağı səsi , nə gülüş səsi ,

Nə hicran naləsi , nə eşq busəsi

Çatmasın duyğunun qulaqlarına !!!