Kəramət : - "BİR İNSANA NİFRƏT EDİRSƏNSƏ 

YAZARLAR 08:34 / 04.07.2024 Baxış sayı: 904

ÖLDÜRMƏK İMKANIN OLSA BELƏ, BURAX YAŞASIN",-

-belə deyilir yapon atalar sözündə. Qəribədir, məndə kimsəyə nifrət hissi yoxdur. Uzaqlaşmağım belə zülmə dönür özüm üçün, ona görə yazmışam-

Allahdan fərqli

mənim ürəyimdə cəhənnəm yoxdur.

Hərdən özümə acığım tutur, heç də təqdir etmirəm özümü, heç olmasa paxıllığın olsun, o da yox..ta müsəlman olmadım..bu qədər xəyanətə, vurulan zərbəyə rəğmən heç nə olmamış kimi davranmaq olarmı? Axı, gücsüz biri deyilsən. Bəlkə elə ən böyük güc sevgidir. Bəzən, çox zaman bir hadisəyə etirazım, qızğınlığım da konkret adamla deyil, yanaşma-prinsip-ldeya-mexanizmlə bağlıdı. O yerdə mən də olsam eyni işi görməliyəm, ya da orda olmamalıyam. Necə ki, başqalarına tanınmayan şans mənə tanınan məqamlarda "balaca-böyük kreslalara" arxa çevirmişəm. Çox istəmişəm tanınan şansdan yararlanım, ancaq bacarmamışam. Ən əsası ona görə ki, heç kəsi tanımasam da özümü yaxşı tanıyıram ki, bacarmayacağam. Adam boğazına kimi ədalətsizliyə batmaz, onu da bilirəm və kənardan baxıb özüm özümə ironiya ilə gülürəm.

Sevgi adamı zəif salır, onun gücünü azaldır, yox edir, hərdən də olsa, buynuzunu göstərmək gərəkir.

Sevgi, həm də qürurdur, onu qoruyasan gərək. Bir də biləndə ki, niyə bu qonşu-ətraf səni söyür, sənə nifrət edir..asan olur zərbələrin ağrısını adlamaq. Onlar itirilmiş sevgilərinin hayıfını çıxırlar səndən, qoruya bilmədikləri qürurun əzabını çəkməsinlər deyə səni görməyə gözləri yoxdu, onlar natamamlıq kompleksindən əziyyət çəkirlər.

-Niyə sınmamısan, bu mühit niyə səni əzik-üzük etməyib, başına gələn, gətirilən müsibətlərə rəğmən niyə şax qalmısan və hələ də hamıya gülümsəyirsən.