Əlizadə Nuri : - Çıxdın cüt şəklimizdən...
Təkcə ruhuma dəymə,
Al apar bu əzanı.
Niyə ayrı günahlar
Çəkir eyni cəzanı?
Göy üzündən söz istə,
Nə ilham gəz, nə təb tap.
Yaşamağa səbəb yox,
Ölməyə bir səbəb tap.
Yer qaçır ayağımdan,
Mən yerimdə qalıram.
Gecikdiyim sevginin
Qəzasını qılıram...
Yoldu taqətdən düşən
Ya yorulub dizlərim?
Sənin də gözün aydın-
Daha görmür gözlərim...
İndi necə oyadım,
Yatıb qalan bu baxtı?
Çıxdın cüt şəklimizdən-
Sən məni tək buraxdın...
...Təkcə ruhuma dəymə,
Al apar bu əzanı.
Niyə ayrı günahlar
Çəkir eyni cəzanı?..