Adilə Nəzərdən İKİ ŞEİR
SƏNSİZLƏMİŞƏM
ya ürəyim oyuqdu,
ya mən sənsizləmişəm.
ya havalar soyuqdu,
ya mən sənsizləmişəm.
bir az əlim titrəyir,
bir az gözüm səyriyir.
bir az dilim keyiyir,
yaman sənsizləmişəm.
uzaqlarınmı özəl,
üfüqlərinmi gözəl,
bəlkə rənglərin xəzəl?
çəmən, sənsizləmişəm.
keçmir, gündüzlər keçmir,
gecələr də uzanıb..
görüş... gözüm su içmir..
güman... sənsizləmişəm.
endim dağdan aşağı,
keçdim çağdan aşağı..
elə yenilmişəm ki,
özümdən də aşağı...
aman! sənsizləmişəm.
BU SÖHBƏT ARAMIZDA
Rəbbim, demə uzağam,
Sənə qulluq etmirəm.
Mən ahıl bir uşağam,
Hər gün şuxluq etmirəm.
İcazə ver dərdləşək,
Sən doğrumu bilirsən.
Sənə sual olunmaz,
Sən sorğumu bilirsən.
Xeyir, şər sıramızda,
Mərhəmin yaramızda.
Bu söhbət aramızda –
Nə veribsənsə oyam.
Kim var ki "lüt" yanında?!
Mollalar büt yanında.
Zalım haydut yanında
Sən zülm olunana bax.
Dəstəmaza gücüm yox,
Namaza səbrim çatmır.
Onsuz da ac canıma
Orucla cəbrim çatmır.
Axı əyilib qalxmaq
Deyil biət, ibadət.
Sənə könlündə baxmaq
Elə əsl səadət.
Qəlbimə söz bükmüşəm,
Üstünə Eşq əkmişəm.
Sənə bir ev tikmişəm,
Kəbədən də gözəldir.
(arxivdən)