Ələsgər ƏLİOĞLU : - ARTIQ ÇƏKİ

YAZARLAR 10:02 / 23.11.2024 Baxış sayı: 399

 

(Hekayə)

Aylin atası ilə şəhərə gəzməyə çıxmışdı. Onlar baxıb gördülər ki, yolun kənarındakı ağacın kölgəsində gözü eynəkli bir kişi tərəzi qoyub adamları çəkir.Aylin atasına dedi:

- Ata, qoy mən də çəkimi bilim. Ata gülümsəyib qızının bu xahişi ilə razılaşdı. Aylinin çəkisi iyirmi doqquz kilo gəldi. Sonra onlar gəzintilərini davam etdirdilər...

Səhəri gün Aylin məktəbdən evə qayıdarkən həmin kişinin ağacın dibində dayanıb öz tərəzisilə yenə də marağı olan kəsləri çəkdiyini gördü. O, öz-özünə düşündü ki, görəsən bir gündə məndə heç artım olarmı...Elə bu düşüncələrin qoynunda qız ora yaxınlaşdı və donunun cibindən çıxarıb əlində tutduğu iyirmi qəpiyi kişiyə uzatdı:

-Əmi, məni də çək!

Qız tərəzinin üstə çıxdı. Kişi elektron tərəzinin ekranına diqqətlə baxıb dilləndi:

-Otuz üç kilo yüz qram...

Aylin təəccüblü bir səslə:

-Əmi, dünən məni çəkdiniz axı, bir gündə dörd kilo yüz qram artmışam?.. Yox, yox, tərəziniz düz işləmir!..

Tərəzi çəkən kişi eynəyini gözündə tarazlayıb qıza diqqət yetirdi:

-Qızım, dünən də çantalı idin, yoxsa?..

Aylin səhvini başa düşüb, çantanı kürəyindən çıxartdı və bir kənara qoydu. Yenidən tərəzinin üstə qalxdı.

Eynəkli kişi tərəzinin ekranına diqqətlə baxıb dilləndi:

İyirmi doqquz kilo!

Aylin səhvin tərəzidə deyil, özündə olduğuna bir daha əmin olub utancaq bir tərzdə oranı tərk etdi...

21.11.2024