Ələsgər ƏLİOĞLU : - LOVĞA SÖYÜDÜN NAĞILI
Arxın qırağındakı söyüd elə yellənə-yellənə hey özünü öyürdü: "Mən ömür boyu tufanlara sinə gərmişəm. Ancaq həmişə də məğrur dayanmışam. Məni heç nə yıxa bilməz. Heç şimşəkdən də qorxub-çəkinmirəm!"
Arxqırağı cərgələnmiş çinar, cökə və qarağac onun bu davranışını kinayəli bir baxışla süzüb acı-acı gülümsəyirdilər... Axırda qarağac hövsələsini basa bilmədi:
-Ay söyüd, az lovğalan, az özünü öy!.. Neçə yaşın var ki?
Söyüd təşəxxüslə dilləndi:
-Payızda otuz yaşım tamam olacaq.
-Bəs bilirsənmi o böyründəki çinarın neçə yaşı var?..
-Yox, bilmirəm...
-Di onda bir onun özündən soruş...
Söyüd ədalı bir görkəmdə dilləndi:
-Ay çinar, neçə yaşın var?..
Çinar başını ağır-ağır qaldırdı:
-Keçən yaz yüz əlli yaşımı tamamladım...
Qarağac :
-Görürsənmi, ay söyüd, səndən beş dəfə böyükdür... Sən neçə dəfə tufan görmüsənsə, o beş qat artıq görüb... Amma öz durumunu qoruyub saxlayır. Sənin kimi lovğalanmır...
Aradan bir müddət keçdi. Günlərin birində havada yüngülcə meh vardı... Birdən söyüd gövdəsindən qopub "vay budarlarım, vay budaqlarım" deyə çığıra-çığıra yanıüstə düşdü... Söyüdün son nəfəsi idi... Zarıya-zarıya qalmışdı... Onun gövdəsi üzülən yerdən neçə-neçə başı qara və bədəni ağımsov ağacqurdu üzə çıxırdı...
24.11.2024