CANLI GİROV- Əlisəfa Azayev

Ədəbiyyat 12:56 / 24.11.2024 Baxış sayı: 252

 

...O, dövlət notariusu təyin olunanda fiziki sağlamlığının xeyli hissəsini itirənə oxşayırdı. Yeriyəndə çətinlik çəkir, kəkələyə-kəkələyə lalapitik danışırdı. Hərdən öz-özünə fikirləşirdi ki, bu necə dövlət notariusu işləyir. Arada dedilər ki, onun elə adı gedir, onu işdə əvəz edənlər var.

Bəlkə, elə bu səbəbdən idiki, onun haqqında beləcə şikayət yaranmışdı. Bir neçə qadın səs-küylə baş idarəyə gəlmişdi. Guya ki, onların xəbəri olmadan mənzillərin alqı-satqıya verib, satmışdılar.

Rəis dərhal dilxor halda göstəriş verdi ki, onu təcili sürətdə baş idarəyə çağırsınlar. İşıqlar şəhəri ilə oranın arası da neçə yüz kilometr idi. O, xeyli müddət gec gəlib çıxdı. Bu müddətdə də əsəbi, hirsli qadınlar nə kimi qanqaraçılıq yaratmadılar.

Rəis onu görən kimi dərhal soruşdu:

  • Bəs sən işdə olmursan?
  • Oluram...
  • Bəs bu qadınlar səni orada tapmayıblar axı.
  • Ola bilməz.
  • Necə ola bilməz... Yerində olsaydın, bu mənzil mübahisəsinə elə oradaca son qoyulardı da...

Yaxşı ki, qadınları birtəhər sakitləşdirib, yola salmışdılar. Rəis incik halda soruşdu:

  • Bizi oyuna salmısan da. Onların dedikləri düzdür?..
  • Yox, yalan deyirlər.
  • Necə yalan... Mənzil satılmayıb?
  • Satılıb ey... Etibarnamə ilə...
  • Orada yaşayanların hansının razılığı alınıb?
  • Bəli...

Əslində isə heç də belə deyildi. Etibarnamədə əmlakın satışına razılıq verilmir, evdə qeydiyyatda olanların hamısının razılıqları alınmamışdı.

  • Yaxşı, onda belə edək...Təcili həmin işi gətizdirin...
  • Bunu əvvəldən deyərdiniz də.
  • Məsələnin belə qəliz olduğunu bilmirdik.
  • Yaxşı... Oldu...

İstər-istəməz onun yadına tələbəlik illəri düşdü. Ondan bir neçə il əvvəl qəbul olunmuşdu. O vaxtda dərs vəsaiti yox idi axı. Tapılmırdı... Olanların da çoxu Moskvanın buraxdığı, rusca yazılanda gərək hökmən tərcümə etdirəydin.

O vaxtlar o, onun əl yazmalarından, mühazirə dəftərlərindən istifadə edər, lazım olanda min dil çıxarar, yalvarar, təkid edərdi: “Sən Allah kömək elə də... Səndə olmuş olar...”

Bir gündə necə yol tapdısa, onun məhkəmədə katib işlədiyini eşitdi. O isə rayon icraiyyə komitəsində şöbə müdiri işləyirdi. Xalq iclasçısı seçilmişdi. Bir gün məhkəmənin olduğu küçədən keçəndə, çağrıldığını eşitdi:

  • Əli müəllim, bu gün məhkəmədi ey... Sudya sizi gözləyir...

Həmin küçə insanlarla dolu gur bir küçə idi. Küçə uşağı kimi əvvəldən xəbəri verilmədən çağrılması onu açmadı. Heç dillənmədi də... Çünki dəvət olunsaydı, əvvəldən bildirilərdi. İndi kimsə gəlmiş, onun yerinə səsləyirdilər onu...

Belə münasibəti, intizamsızlığı xoşlayan deyildi. Ancaq di gəl ki, sonrakı nəticəsi çox pis oldu. O gündən də məhkəmə ilə əlaqəsi demək olar ki, tamam kəsildi.

Hakim güləş, xeyirxah bir insan idi. Məhkəmə seçkilərində ona yox, katibə üstünlük verdi. Hakim seçildi... Çox  da işləyə bilmədi. Qonşu rayona hakim təyin olunmuşdu. Bir gün də eşitdilər ki, axşam işdən qayıdanda avtoqəzaya düşüb... Səhərə kimi əzilmiş maşının içində su kanalında qalıb. Bunu qolundakı yatmış saat əsasında müəyyənləşdirmişdilər. Zərbənin təsirindən mexaniki saat elə o anda dayanmışdı.

Allah heç kimi o günə qoymasın... Hakim isə rayondan gedəndə, sədrlə görüşmək üçün gəlmişdi. Dəhlizdə görüşəndə dedi:

  • Sən də vaxtında elə hey bizdən uzaq qaçdın da...

Təsirlənmiş halda dedi:

  • Cəmi bircə dəfə... Onda da çağırış xoşuma gəlmədi.

Hakim heyrətləndi:

  • Nə bir dəfə?!. Mən azı sizi neçə dəfə dəvət elədim. Hər dəfə “yox” cavabı eşitdim. Vaxtınızın olmadığını bəhanə etmisiniz.

İlahi, belə də haqsızlıq olardımı?! Əslində hakimi bir o qədər qınamırdı. Bu işdə elə katibi təqsirli bilirdi. O desəydi, gedərdi. Ancaq, nə etmək, artıq gec idi. Necə deyərlər, qatar getmişdi. Gülümsər halda hakimə dedi:

  • Nə etmək, sizin katibiniz...
  • Məhkəmənin...
  • Belə olsun... Onun hərəkətlərinin nəticəsidi bütün bunlar.
  • Ola bilər...
  • Həqiqətən də...
  • Cəmi bircə dəfə o məni dəvət etdi... Onda da elə küçə ilə yol gedəndə... Özü də pəncərədən, çığıra-çığıra... Camaat içində bunu özümə qarşı hörmətsizlik kimi qəbul elədim...

...Səhəri gün şikayətə gələn qadınlar baş idarənin həyətində dünənkindən pis tamaşa göstərib, səs-küy qaldırası oldular. Bir yandan da hər şey çox qan qaraldıcı idi. Mənzil qeyri-qanuni yolla satılmışdı. Notarius günahkar idi.

Əlacsız qalıb köməyə polis çağırası oldular. Onlar da kobud səhvə yol verib, hirsli, əsəbi qadınlarla daşlaşıb, əlbəyaxa oldular. Demələrinə görə, biri ona hücum çəkən qadını yaxalayıb... Özünü qorumaq üçün saçlarını tutası, sürüyəsi olub...

Qadınlar yol-yolağa bilənə oxşayırlarmış. Onlara qarşı olan bu münasibətdən şikayətçi oldular. Hər iki polis nəfəri orqandan kənarlaşdırıldı.

Səhər qadınlar cəmləşmiş halda baş idarəyə gələndə daha coşğun, fəal idilər. Hətta birinin əlində butulkada maye vardı. Dil-boğaza qoymadan deyirdi:

  • Bizi hirsləndirməyin, o dövlət notariusunu, bu binanı benzin töküb odlayacağıq...

Bu barədə baş idarənin rəisinə xəbər verdilər. İşçilər həyəcanlı anlar yaşamağa başladılar:

  • Ə, hanı bu əclaf?!.
  • Qadınları nə qınayasan. Mənzillərini qanunsuz satıb, alqı-satqıya veriblər də...
  • Əllərindəki benzindən çox elə kimyəvi turşuyakislotaya oxşayır.
  • Ola bilər...

Rəis soruşdu:

  • Ə, bu şüdə oğlu hanı?!.
  • Burada... Qadınların qorxusundan çölə çıxa bilir ki... Qısılıb küncə də...
  • De, canlı girovdu da...
  • Vallah, onu öldürəcəklər...
  • Belə olmaz, onları sakitləşdirməliyik.
  • Əvvəl bunu bir tərəfə çıxaraq da...

Rəis göstəriş verdi ki, onu qadınlardan xəlvət maşına qoyub, içəridən çıxartsınlar. Dövlət notariusuna bu barədə deyəndə, mızıldandı:

  • Hə deyirən ki...

Sürücü gileyləndi:

  • Nə xəbərmiş... Bir az-az yeyərəm də...
  • ...
  • Camaatın xəbəri olmadan evini də satmaq olar?!.

O maşına minmək istəyəndə sürücü soruşdu:

  • Hara?!.
  • Maşına minirəm də...
  • Yox, arxaya keçim...
  • Yaxşı...
  • Ora da yox... Görə bilər, maşını daşlaya bilərlər. Biz sizə görə mən od qiymətində olan maşını yaman günə qoydura bilmərəm...

Beləcə, dövlət notariusu əlacsız qalıb, maşının yük yerinə minib, ora qısılası oldu. Sürücü dərhal kapotu –arxa dəmir örtüyü acıqlı halda aşağı çırpdı, bağladı.

Elə bu an rəis həyətdə qorundu. Qaraja, maşına tərəf gəlməyə başladı. Soruşdu:

  • Hanı o?..
  • Kim?..
  • Dövlət notariusu da...

Sürücü maşının baqajını göstərərək qımışdı:

  • Buradadı...

Rəis lap çaş qaldı. Ola bilməzdi. Bu nə deyirdi. Bəyəm dövlət notariusu ora girmişdi... Maşının yük yerinə?! Dilxor halda dedi:

  • Ola bilməz... Aç baxım...

Sürücü arxa dəmir örtüyü açıb qaldıranda, həqiqətən də, dövlət notariusunun büzüşmüş vəziyyətdə elə ordaca  uzandığını, sıxılıb qaldığını gördü. Dilxor halda:

  • Tfu!– deyə yerə tüpürərkən dilləndi, – deməli təqsirin var!.. Boynuna almırdın!.. Təqsirin var ki, bura girib gizlənmisən. Yoxsa, bura girməzdin!..

Həqiqətən də, vəziyyət belə idi. Təqsiri olmasaydı, dövlət notariusu həmin qadınlardan qaçıb gizlənməz. Beləcə xəlvətcə aradan çıxmağa səy göstərməzdi.

Yadına o günlər düşdü ki... Bir gün təsadüfən bax idarədə görüşdülər. Onun vəziyyəti ürəyini ağrıtdı... O isə gülümsər halda dedi:

  • Sənin kitablarını oxumuşam... Mənim gözümdə əsl yazıçı sizsiniz... Təzələrdən olanda verin...
  • Verərəm...

Sonradan heç görüşmədilər. Səhhətinin heç də yaxşı olmadığını deyirdilər. İndi də belə... Hara getsə, bir torpağın oğlu, eloğlu idilər. Baş idarənin sürücüsü bu barədə ona deyəndə, elə pis oldu ki, bəlkə də, onların yerli, bir rayondan olduqlarını bilmirdi:

  • Hə, müəllim... Çox xoşagəlməz səhnə idi... Mədət müəllim dedi ki, beləsi daha dövlət notariusu işləyə bilməz. O gün də nazirlik qarşısında məsələ qaldırdı, onu işdən azad etdilər.
  • Çox pis...
  • Onu da nə qınaysan. Bir tərəfdən də incik düşmüş qadınlar. Onu öldürmək, binanı əsl mənada dağıtmaq istəyirdilər.
  • Düzdür... Gərək belə hərəkət etməyəydi də...
  • Adama deyərlər ki, nə ölümdü... Onsuz da azdan-çoxdan gündəlik qazanırsan, çörəkpulun çıxır da. Gərək xalxın mənzilinə də göz dikəsən, onu qeyri-qanuni yolla alqı-satqıya verəsən, satdırasan?!.
  • Əlbəttə ki, olmaz...
  • Olmaz yox ey... Bu hərəkəti ağır cinayətdi.
  • Bəs nəticəsi nə oldu. Ona qarşı bir tədbir gördülər?
  • Guya bilmirsiniz?!. Yola verdilər də... Elə idarəninbiabır olmaması üçün. Yoxsa damlayardılar.
  • Hə.... Düzdür...
  • Müqavilə ləğv edilmiş olar.
  • Mübahisə varsa, məhkəmədə baxılmalıdır.
  • Daha bunu bilmirəm, xəbərsizəm.

O gün xeyli dəftərxana ləvzimatı götürmüşdü. Sürücü qayğıkeşliklə onu “Şamaxinka” deyilən yerə, məkana gətirirdi. Hələ də bu ağır söhbətin təsiri altında idi. Maşından düşəndə, dəftərxana ləvzimatlarını oradan götürəndə, bir daha diqqətlə oramaşının yük yerinə baxaraq dedi:

  • Maşının baqajı bir o qədər çirkli deyil...
  • Hə... Dadaş kimilər üçün silib-təmizləyib saxlayıram da...
  • Allah bir daha bu rüsvayçılığı heç kimə göstərməsin.
  • Amin... Ancaq vallah adamın özündə də çox təqsir var. O qədər təmir işləyənlər, başı uca gəzənlər var ki... Guya onlar qazanmır, dolanmırlar? De ki, nəfsə güc gələ bilirlər.

Bu zalım oğlu elə qazandığını aparıb arvadına verirmiş. Çətin gündə də harayına gələn olmadı. Boş əllə qaldı ortalıqda çırpına-çırpına... Qara gün üçün gərək əldə bir şey saxlayaydı da...

  • İlk növbədə heç belə hərəkət etməyəydi...
  • Lap etmişdi-etmişdi, o arvadların qabağından qaçmayaydı... Heç söhbətin yeridi, şikayətçi var deyə, kontoru bağla, işə çıxma...

Bu iyrənc söhbətdən nə qədər uzaq olmağa çalışsa, onu yada salmamaq istəsə də, hər dəfə baş idarəyə gedəndə sürücünü görəndə, istər-istəməz o ağrılı günləri, o xoşagəlməz hadisəni xatırlayırdı...