Bəhram Bilaloğlundan   ÜÇ  ŞEİR

Ədəbiyyat 10:53 / 24.11.2024 Baxış sayı: 699

Sözün hər qüvvəti var,

Dəyərin verənlərə.

Kim ki,haqqı söyləyər,

Haqq verər ərənlərə.

 

Hər yeri yurd eləməz,

Saxlayar qiyamətə.

Adət et,nəzmə tərəf,

Bərq elə səadətə.

 

Qədəri bilinməyən,

Söz salar ayrıcına.

Qəlbə heyran eləyər,

Yol alar sər ucuna.

 

Haqqına tirmə tikər,

Pay edər ədaləti.

Ölçüsü olmayana,

Öyrədər ətaləti.

 

***

Bu hələ baharın ilk səhəridir,

Ağaclar tumurcuq altında yatır.

Mənim ümidlərim çiçək misali,

Qurduğum xəyalın içində batır.

 

Yaxşı olmayana yaxşı dedilər,

İşıqlı sabahın yolu qaraldı.

Sonrakı nəsili düşünməyənlər,

Günəşdən zülmətə belə yol aldı.

 

Əmanət olanı gətirmədilər,

Uydular fitnəyə,nəfsə uydular.

Zülmə tabe olan haqsız adamlar,

Bir qarın çörəyə,sözə doydular.

 

 

QƏLƏMİN

Qələmin rənginə bax,

Sevimlidir,gözəldir.

Qələmlərin içində,

Dəyərlidir,özəldir.

 

Dəyərli söz olanda,

Qələm düşür yadıma.

Köçürürəm dəftərə,

Yetişir imdadıma.

 

Fərqli olan qələmim,

Hədiyyələr şahıdır.

Dəniz rəngli tuşuyla,

Fikirlər izahıdır.

 

Dəyişmərəm, versələr-

Dünyada hər nə varsa.

Müəllim dərs verəndə,

Beş alacam nə vaxtsa.