ƏBƏDİ HEYKƏL -yazdı Coşqun Xəliloğlu
Xalq şairi Bəxtiyar Vahabzadənin ölməz xatirəsinə
İstiqlal şairi cəsarətiylə
Ucadan söylədi xalqın sözünü,
Tanındı, seçildi ləyaqətiylə,
Ovdu qələmiylə düşmən gözünü.
Çox mətləb qandırdı “Gülüstan”ıyla,
“Muğam” muğamatı göyə qaldırdı.
“Şəhidlər” – igidlik qəm dastanıyla
Qəlblərdə qələbə nuru yandırdı.
Necə də şirindir “Ana dilimiz,”
“Etiraf” özü də cəsarətdir, bil.
Azadlıq qazanıb Oğuz elimiz,
İnsanı ucaldan dəyanətdir bil.
Bəzən “Qəm içində sevinc” də olur,
“Təzadlar ” mövcuddur “Həyat-ölüm” tək,
Bəzən baharda da yarpaqlar solur,
Bəzən alaq kimi atılır çiçək.
Sözləri qılıncdan iti, kəsərli,
Sözləri bir hikmət, bir məsəl oldu,
Fikri, düşüncəsi dərin, dəyərli,
Şam ömrü yaşadı nur, məşəl oldu.
Müdriklər yurdunun müdrik şairi
Həmişə sevilib – oxunacaqdır,
Nə qədər şeir var, Azərbaycan var,
“Əbədi heykəl” tək yaşayacaqdır.