Balayar Sadiq : -  HƏYAT

Ədəbiyyat 14:52 / 18.09.2025 Baxış sayı: 2479

 

Sözlərin alnına elə qar yağıb,

Fikirlər dizəcən qar içindədir.

Bax hara yazmışam sənin adını,

Götür ürəyimi yar,içindədir.

 

Bu sözün könlünü necə alım ki,

Dili dolaşmasın alın yazımın.

Ovcunda sacının sığalı ağlar,

Gələn payızımın,gedən yazımın.

 

Nimdaş xatirəyə dönüb duyğular,

Allah verdiyinə özü mat qalıb.

Bəxtimin uçulmuş divarı altda

Adından yıxılmış bir həyat qalıb.

 

İndi göz yaşımın sahillərində,

Ucur xatirələr qağayı kimi.

Sənin ləpirlərin məzar yeridir,

Başdaşı qoymuşam mən öz eşqimi.