"Azərbaycan dövləti bələdiyyələrin formalaşmasında və inkişaf etdirilməsində maraqlıdır”-Tahir Rzayev, millət vəkili

HÜQUQ 15:45 / 02.12.2024 Baxış sayı: 1008

 

“Bələdiyyələr demokratik bir təsisatdır və vətəndaşların seçdikləri, formalaşdırdıqları bir qurumdur. Yerli əhəmiyyətli, sosial-iqtisadi məsələlərin həllində rol oynayan orqanlardır. Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan dövləti bələdiyyələrin formalaşmasında və inkişaf etdirilməsində maraqlıdır”.

Bu barədə mətbuata açıqlama verən  Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, bələdiyyələrin birləşdirilməsi də məhz bu məqsədə hesablanıb: “Bundan əvvəl 2 dəfə belə islahat aparılıb və bələdiyyələrin sayı 2747-dən 1606-ya endirildi. Son dəfə qanunla təsdiq olunan bələdiyyələrin birləşdirilməsi prosesi gələcək inkişaf üçün əhəmiyyətli olacaq”-deyə deputat bildirib.

Tahir Rzayev qeyd edib ki, Azərbaycanda bələdiyyə institutu 1999-cu ildən artıq fəaliyyətdədir. Bu dövr ərzində həm uğurlar qazanılıb, həm də bələdiyyələrin fəaliyyətində müəyyən nöqsanlar müşahidə olunub. Deputatın fikrincə, bu da təbii vəziyyətdir.

“Dövr dəyişir, ölkə inkişaf edir. Bu proseslə əlaqədar insanların da tələbatı nəinki ildən ilə, aydan-aya, hətta günbəgün artır. İnsanlar daha əvvəlki kimi yaşamaq istəmirlər. Onlar daha rahat həyat, daha nümunəvi xidmət, daha yüksək qayğı və diqqət tələb edirlər”-deyən Tahir Rzayev hesab edir ki, bu proseslərdə bələdiyyələr öndə gedən orqan hesab olunurlar və insanlar bələdiyyələrdən müəyyən problemlərin həllini tələb edirlər.

“Bir çox bələdiyyələr məsələlərə öz əsasnamələri və qanunlar çərçivəsindən yanaşdıqlarına görə, öhdəliklərində olan işi yerinə yetirə bilirlər. Bunun üçün yaxşı nümunələr var.

Bir çoxları bu gün bələdiyyələri fəaliyyətsiz bir qurum kimi qələmə verməyə çalışır. Bu, düzgün yanaşma deyil. Çünki yaxşı nümunəvi bələdiyyələrin işi göstərir ki, onlar daima insanlarla təmasdadırlar, təkliflərini bildirirlər və həyata keçirilməsi üçün müəyyən tədbirlər görürlər”-deyə deputat bildirib.

Bələdiyyələri “torpaq satan orqan” kimi tanıtmaq məsələsinə gəldikdə, deputat qeyd edib ki, bələdiyyələri “torpaq satan qurum” kimi qələmə vermək düzgün deyil.

Tahir Rzayevin sözlərinə görə, əslində bələdiyyələr torpaqları satmaq və onların istifadə olunması məqsədiylə icarəyə vermək hüququna malikdirlər və bu proses qanunla tənzimlənir.

“Təəssüflər olsun ki, bəziləri qanunvericiliyin tələbinə əməl etmədikləri üçün insanlar arasında mənfi imic yaradır. Bəziləri həbs olunur, bəziləri haqqında inzibati tədbirlər görülür. Bu, həyatın qanunudur. Çünki vəzifə öhdəliklərindən sui-istifadə edən insan varsa, nöqsanlarına görə cavab verməli və hüquqi çərçivədə məsuliyyətə cəlb olunmalıdır”-deyə Tahir Rzayev əlavə edib.