Millət vəkili Tahir Rzayev "Xocalı faciəsi tariximizin ən qanlı səhifəsi, həm də mübarizə somvoludu:"
Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətlər siyasəti həmişə böyük itkilərlə müşayiət edilib.
1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsi çox ağır itkilərlə yadda qaldı. Xüsusilə də torpaqlarımızın iyirmi faizinin işğalı, bir milyona yaxın insanın öz yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Xocalı soyqırımı kimi faciələr bunu deməyə əsas verir.
Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra Azərbaycan tarixi ədaləti bərpa etməklə 30 ildən çox Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi, ərazi bütövlüyümüz tam bərpa olundu.
Ancaq uzun illər keçməsinə baxmayaraq xalqımız ermənilər tərəfindən törədilən qətlləri, soyqırımı unutmur. Azərbaycan tarixinə soyqırımı kimi həkk olunan Xocalı faicəsi də heç vaxt unudulmayacaq. Ziyalılarımız, ictimaiyyət nümayəndələri bu soyqırımın yaddaşlardan silinməyəcəyini bildirir.
Yenises.az xəbər verir ki, millət vəkili Tahir Rzayev "Xocalı faciəsi tariximizin ən qanlı səhifəsi, həm də mübarizə somvoludu:" kimi qeyd edərək vurğulayıb ki :“Çünki uzun illər mühasirədə olan xocalılar öz ata-baba yurdlarını tərk etmədilər. Düşmənin təqiblərinə, təsirlərinə məruz qalsalar da qəhrəmanlıqla döyüşdülər və son nəfəslərinə kimi öz doğma ev-eşiklərini müdafiə etdilər. Bu, bir xalqın mübarizliyinin, əzminin, torpağa məhəbbətinin, sədaqətinin nümunəsi kimi qiymətləndirilir. Bununla yanaşı Xocalı faciəsi dünyada analoqu olmayan bir qətl, terrordur. Ermənilər tərəfindən törədilən bir qəsd, soyqırımdır.
Əliyalın qocaların, uşaqların, qadınların bir gecənin içində kütləvi qətlə yetirilməsi, gözlərinin çıxarılması, başlarının kəsilməsi, min cür əzablara düçar edilməsi insanlığa, bəşəriyyətə qəsddir. Təəssüflər olsun ki, erməni təcavüzkarları bunu etdilər və özlərinin faşist, qəddar bir obrazını bütün dünyaya göstərdilər. Biz Xocalı faciəsini çox ağrılı-acılı günlər kimi qeyd edirik.
Həm də bu gün sevinirik ki, Xocalı azaddır. Xocalılar 30 ildən sonra öz doğma ev-eşiklərinə qayıdıblar. Artıq bu şəhərdə məskunlaşma həyata keçirilir. Xocalı qurulur, inkişaf edir və insanlar artıq əkin-biçin işləri ilə məşğul olur. Özlərinin yeni bir həyatını qururlar. Azərbaycan Prezidenti cənab İlam Əliyev bir neçə dəfə Xocalıya səfər edib və orada işlərin gedişi ilə tanış olub, tapşırıqlar verib.
Xocalının gələcəyini aydın və işıqlı gördüyünü bildirib. Cənab Prezident bu görüşlər zamanı iftixarla bildirib ki, “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.
Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. Bu sözlər ölkə rəhbərinin nəinki xocalılara, hər bir qarış torpağımıza verdiyi qiymətdir, xalqa məhəbbətdir, insanlığa hörmət, müharibəyə nifrət kimi səslənir”.
Millət vəkilinin sözlərinə görə, xocalılar hər il özlərinin bu faciəli günün qeyd edir və həmin anları bir daha xatırlayırlar:
“Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinəsi deyil. Çünki bu, elə bir yaradır, elə soyqırımdır ki, onu daim yaşatmaq, xatırlamaq və gələcək nəsillərə ötürüb erməni faşistlərinin çirkin əməllərini dünyaya bəyan etmək lazımdır. Biz Xocalımızla qürur duyuruq. Bu gün qürurluyuq ki, ölkə rəhbərinin, Ali Baş Komandanın böyük siyasəti, Ordumuzun gücü, xalqımızın birliyi nəticəsində Qarabağ torpağı, Xocalımız düşməndən tam azaddır.
O yerlərdə artıq erməni separatçılarının ayaq izləri qalıb və özləri yoxdur. Xocalılar bu günü uzun illər gözlədilər. Bu gün şaddırlar ki, torpaq uğrunda verdikləri şəhidlərin qanı yerdə qalmayıb. O qocaların, uşaqların, qadınların da ruhu şaddır, sevinir.
Çünki bu gün artıq xocalılar öz doğma torpaqlarındadırlar. Onlar bu gün yenə də əkib-becərir, yaradır və dünyaya göstərirlər ki, Azərbaycan xalqı mübariz, qəhrəman, zəhmətsevər xalqdır və öz torpaqlarını azad etməyə, firavan yaşamağa, mübarizə aparmağa qadirdir. Allah şəhidlərimə rəhmət eləsin”