Bəhruz Niftəliyev- İçimdə doğulandan
İçimdə doğulandan,
Yuxular dağılandan.
Kədər nədir, mən bildim,
Həsrətin dağ olandan.
Qucaqla, isti bilim,
Qorxunun üstə gedim.
Qoxunu çək yaxama,
Ölümə istə, gedim!
Ruhumdan necə düşsün,
Dilimdən heca düşsün.
Bir ömürlük sev məni,
Sev məni, “gecəgözlüm”.
Ürəyin uman yeri,
Ruhumun liman yeri.
İnandığım Tanrı tək,
Olmusan güman yeri.
Bu sevgidə təkəm mən,
Öz başımdı, öz əlim.
Bir az axsaq, topalam,
Sev ki, məni düzəlim.
Sev ki, sağalım bir az,
Sev ki, çoxalım bir az.
Axı hələ çox tezdi,
Sev ki, sağ qalım bir az!
Amandı, etmə belə,
Yanımdan getmə belə.
Sən ki xəyal deyilsən,
Gözümdən itmə belə.
Tut əlimdən, buraxma,
Belə coşqun gur axma.
Əriyərəm gözündə,
Ta dərindən dur, baxma!
Bax səmaya, göylərə,
Ürəyimdə gör nələr.
Elə ki darıxıram,
Sənin yerin göynəyər.
Öpüm telini bu vaxt,
Çiçək əlini bu vaxt.
Qucaqlasam, dayanar
İncə belini bu vaxt?
Dona zaman, üşüyə,
Çıxa gedə eşiyə.
Ömürlük belə qalaq,
Tanrı bizi eşidə.
08.03.2026
23:36