Arzu Əsəd -  Təsəvvüfün bütün mahiyyəti və terminologiyası Qurandan götürülüb.

YAZARLAR 13:15 / 25.08.2025 Baxış sayı: 2235

Oxumuş cahil insanlar təsəvvüfü islamdan ayırmağa çalışırlar. Təsəvvüfün bütün mahiyyəti və terminologiyası Qurandan götürülüb. Təsəvvüf Quranın ezoterik, batini mənasıdır və zamanla insanlığın yaşamının Quranla təması, onun tarixən açılışı ilə üzə çıxıb, formalaşıb, məktəbləşib.

Bu gün kvant fizikası özünün elmi leksikonu ilə təsəvvüfün min ildir poetik, məcazi, metaforik dildə insanlığa çatdırdığını deyir. Bu yeni bilgilərin işığında təsəvvüf içərikli klassik poeziyamız da yenidən öyrənilməlidir. Böyük bir dilin sahibləri kimi yüz illərdir əlimizdə klassik poeziyamız kimi bizə sözün əsil mənasında ölümsüzlüyün, əbədiyyətin sirrini verən bir xəzinə var, amma onun açarı çox az seçilmiş fərdin əlində olub. Abşeronun palçıq vulkanları kimi intellekt köpükləyən bəzi intellektuallarımız , məsələn, "lövhi-məhfuz" kəlməsini eşidəndə az qala özlərini təhqir olunmuş hesab edir, amma "kainatın holoqrafik quruluşu" terminini eşidəndə yüksək təzim hissi ilə qulaq kəsilirlər.

Halbuki, hər iki ifadə də təxminən eyni mənanı ifadə edir. Həm də ilk ifadənin, əsrlər əvvəl yarandığına görə, bu günkü elmi axtarışlara bir zəmin olması faktı da danılmazdır. Dəqiq elmlərin humanitarlaşması qaçılmazdır. Eləcə də, müasir modern dünyagörüşün qədim bilgilərlə sintezi də labüddür.

Son iki əsrdə insanlığın fəlsəfi təfəkküründə irrasionallığın, intuisiyanın, ezoterizmin, mistisizmin dominant olduğu fəlsəfi istiqamətlər də insanlığın yalnız maddənin dərkinə hesablanmış bir alət olan quru intellektlə, rasionallıqla yaradılışı, həyatı idrak edə bilməyəcəyini çox aşkar şəkildə izah edib. Bu gün özünə, öz intellektinə hörmət edən hər kəs yüz il əvvəlin mexaniki elmi təsəvvürləri ilə millətə allahsızlıq dərsi verməkdən çəkinməlidir.

Siyasi islama, dini istismara, ifrat məzhəbçiliyə, dinin qabığında ilişib qalan xurafatçılığa qarşı durmaq bu ölkənin gələcəyini düşünən hər bir intellekti, vicdanı olan insanımızın borcudur. Amma bu dinin - islam dininin öz bətnində daşıdığı həqiqətin, tarixən insanlığa nəsib olmuş ən saf, ən dərin, ən canlı biliklərin mənbəyi olan təsəvvüfün bu millətə və bəşəriyyətə bəxş etdiyi ölməzliyin, əbədiyyətin açarını özünün intellektual cəhalətində salıb itirmək tarix, millət və fərdlər qarşısında böyük bir cinayətdir.