Ağamir  Cavad - AND OLSUN

Ədəbiyyat 11:22 / 08.03.2026 Baxış sayı: 389

 

Sevib, deyə bilmədiyin

Sözünə and olsun, qadın!

Açdığın eşq süfrəsinin

Duzuna and olsun, qadın!

 

Dərd-qəmimə oldun həyan,

Hər baxışın könül duyan...

Yerə, göyə sığışmayan

Nazına and olsun, qadın!

 

Ürəyin eşq dolu dəniz,

Taleyimə salmısan iz.

Astarsız, boyasız, təmiz

Üzünə and olsun, qadın!

 

Göyün yerə salamısan,

Tanrının haqq kəlamısan,

Qəlbimdə od qalamısan,

Közünə and olsun, qadın!

 

Ömrümün vaxt yazısısan,

Eşqimin taxt yazısısan.

Alnımın bəxt yazısısan,

Yazına and olsun, qadın!