Adilə Nəzər- Poemadan parça

Ədəbiyyat 11:00 / 27.09.2024 Baxış sayı: 208

II Qarabağ savaşından bəhs edən poema yazmışam. Hələ heç yerdə yayımlanmayıb. Bu gün 27 sentyabr ANIM GÜNÜ ilə əlaqədar olaraq poemadan bir parça paylaşıram.

Şəhidlərimizin müqəddəs ruhlarına salam və dualarla.

***

Partlayırdı mərmilər,

Partlayırdı bombalar.

Gözlənilməz hücumla,

Pozulmuşdu normalar.

O nədir, kim çəkdi ah?

Bu səs nə idi, Allah?!

Qopdu ayağı, əli,

O qəhrəman, mərd Əli

Minaya düşdü, aman,

Yaşamağa yox güman...

Donur qanı, keyləşir,

Nə ağrı, nə acı yox.

Doğru yola gedənin

Yoldaş ehtiyacı yox...

Dolandırıb gözünü

Baxdı qardaşlarına,

Dedi: Buraxın məni,

Gedin siz irəliyə!

Sual verməyin - niyə?

Sual verməyin mənə

Boş yerə uzun-uzun.

Şəhidlik arzum idi,

Ülvi, müqəddəs arzum.

Allahverdi, Mübariz,

Əlif idealımdı.

Pəncəli şəhidliyi

Çoxdankı xəyalımdı.

Susdu, gözünü dikdi

Açıq səmaya birdən,

Mənim gördüklərimi

Görürsünüzmü? -dedi.

Nə gözəl bağ-bağça var…

Vəd etmişdi Yaradan.

Baxın, bizim igidlər

Yerləşiblər orada...