ZAKİR BAĞIR - OYUN
(Hekayə)
Nəvələrim İbrahim və Hədisəyə həsr edirəm.
İbrahim topu yerə qoydu. Məhəllənin kiçik yaşlı uşaqları iki komandaya bölünmüşdülər. Futbol oynayacaqdılar. Binanın üçüncü mərtəbəsində ağlamaq səsi gəlirdi. Kimsə yanıqlı-yanıqlı bayatı söyləyirdi. Uşaqlar çevrilib səs gələn tərəfə baxdılar. Ağlaya-ağlaya yanıqlı bayatı deyən Ceyhunun anası idi.
Bu topu məhəllənin yaşlı uşağı Ceyhun almışdı. O, uşaqların futbol oyununa hakimlik edirdi. Ceyhunu əsgərlik xidmətinə çağırdılar o, cəbhə bölgəsinə düşdü. Çox çəkmədi ki, onun şəhid olmaq xəbəri gəldi. Erməni snayperi onu alnından vurmuşdu. Ceyhunun ölümündən qırx gün keçməsinə baxmayaraq anası hər gün yanıqlı-yanıqlı bayatı deyə-deyə ağlayırdı. İndi məhəllənin kiçik yaşlı uşaqları Ceyhunun aldığı topla futbol oynamaq istəmirdilər. Başqa top isə yox idi.
İbrahim dedi:
-Bəlkə, dava-dava oynunu oynayaq?
Qızlar da burdadırlar. Onlar həkim olacaqlar. Oğlanlar razılaşdılar. Qızlar İbrahimin bu təklifinə sevindilər. Hədisə tez evə qaçdı. O, həkim olmaq istəyirdi. Anası Gülşən müəllim onun üçün də xalat almışdı. Gövhər də ona qoşuldu. Çox çəkmədi ki, tibb bacısı olan nənəsinin onun üçün tikdirdiyi ağ xalatı geymiş halda gəldi.Gövhər qaçqın uşağı idi. Amma Qarabağı görməmişdi. Bakıda doğulmuşdu. Müharibə başlayanda babası özünümüdafiə dəstəsi yaratmışdı. Ermənilər rayona hücum edəndə o, qocaları, qadınları və uşaqları rayondan çıxartdı. Onda yeniyetmə olan atası anasını götürüb qaçqınlara qoşuldu.
Həmin illər qış sərt keçirdi. Möhkəm qar yağmışdı.Qaçqınlar dizdən yuxarı olan qarda ağır-ağır hərəkət edirdilər. Tələm-tələsik evdən çıxdıqları üçün əyin-başları qalın deyildi.Yol isə bitmirdi. Onlar erməni gülləsinə tuş gəlməmək üçün ağır-ağır yeriyir, qalanda gizlənirdilər. Buna baxmayaraq bir çoxu erməni gülləsinin qurbanı oldu. Bir çoxunun ayaqların şaxta vurdu. Cövlətin ayaqları da şaxtadan dondu.
Gövhərgil Hədisə gilin yaşadığı beş mərtəbəli evin zirzəmisində yaşayırdılar. Qeyri bərabər döyüşdə babası şəhid olmuşdu. Dörd nəfər idilər: tibb bacısı olan nənəsi, atası, anası və Gövhər.
Zirzəmi çox rütubətli idi, həm də havası çatışmırdı. Atası topal Tofiq mənzil-istismar idarəsinə müraciət etdi.
Zirzəmi gündüzlər də qaranlıq olduğuna görə işıq yandırmalı olurdular. Gövhər tez-tez xəstələnirdi.
Həkimlər bildirmişdilər:
-Uşağa təmiz hava lazımdır.
Gövhərin tibb bacısı olan nənəsi deyirdi:
-Bizim ikimərtəbəli evimiz, bağlı-bağçalı həyətimiz vardı. Allah ermənilərin cəzasını versin. Hər şey əlimizdən çıxdı. Bizim bu zirzəmidə nə işimiz vardı, nəvəm tez-tez xəstələnsin. Hədisənin atası Xalid cəbhə bölgəsində xidmət etmişdi.
-Qoy Gövhər bizdə qalsın.
Buna hamı sevindilər. Hədisə ilə Gövhər dost idilər. Hədisənin anası Gülşən müəllimə idi.Hər iki qızların təhsili ilə məşğul olurdu. Göhvər bütün gününü Hədisəgildə keçirirdi. Hər iki qız həkim olmaq istəyirdilər. Gövhərin səhhəti get-gedə yaxşılaşırdı.
Məhəllənin kiçik yaşlı uşaqları iki komandaya bölünmüşdülər. Vəzifə bölgüsü aparıldı.
İbrahim soruşdu:
-Kimlə vuruşacağıq?
Uşaqlardan kimsə dedi:
-Ermənilərlə.
İkinci komandaya düşmüş Gövhər ağlamsındı:
-Mən erməni olmaq istəmirəm.Ermənilər pis adamdılar. Adamları evlərindən qovurlar.
Hədisədə bildirdi:
-Ermənilər qocaları, qadınları, uşaqları öldürürlər. Mən də erməni olmaq istəmirəm.
Başqa birisi:
- Ermənilər binaları dağıdırlar.Məndə erməni olmaq istəmirəm.
Nə oğlanlar, nə də qızlar erməni olmaq istəmirdilər.
Oyun baş tutmadı.