Xatirə  Rəhimbəyli - Bir sözüm var ürəyimdə.

Ədəbiyyat 09:00 / 03.09.2025 Baxış sayı: 2751

Bir sözüm var ürəyimdə.

Deyimmi?

Eşqin mənim ürəyimdə xal oldu!

Mənim sözüm səndən sonra dil açdı,

sənin sözün məndən sonra lal oldu!

Yalan oldun günahlara büründün.

Duman oldun zirvələrə süründün.

Güz günəşim, hərdən-hərdən göründün –

naçar könül həsrətinə qul oldu!

Üz çevirdin gedər-gəlməz yollara,

könül verdin könlü qara qullara...

Miskin könül düşdü qanlı çöllərə.

Ümidlərim yanıb-yanıb kül oldu!

Suç işlədin...

Tanrı keçməz suçundan!

Tükənmisən!

Ruhun ölür acından.

Ayrı düşdün aşiqlərin köçündən –

qəlbin gəlib-gedənlərə yol oldu!