Xanım İsmayılqızı - NƏDİR
Dua nədir? - Allaha uzanan qol.
Sevgi nədir? - Ürəkdən ürəyə yol.
Həyat nədir? - Doğum ölüm arası.
Həsrət nədir? - Bəxtdə rəngin qarası.
Pənah nədir? - Özündən çox sevdiyin.
Günah nədir? - Öz içində etdiyin.
Qurban nədir? -Fəda olmaq döngəsi.
Ölüm nədir? - Bu dünyanın zirvəsi.
Dünya nədir? - Allahın yaratdığı.
Bəndə nədir? - Bu dünyaya atdığı.
Nəfəs nədir? - Ürəkdən gələn səda.
Məhbəs nədir? - Həyatımıza vida.
Baxış nədir? - Qəlbdən yol alıb gələn.
Yağış nədir? - Ayrılıq nədir bilən.
Ürək nədir? - Nəbzimizi vurduran.
Beyin nədir? - Ayıq bir dünya quran.
Cahan nədir? - Ayaqsız da yeriyən.
Adam nədir? - Tanrıya dua edən.
Dua nədir? - İçində Allah səsi.
Sevgi nədir? - Hissin ən müqəddəsi.
2000.