Vəsimə İsmayılqızı Qarayeva - Ata yurduma üç səfər
Ata yurdum Tap Qaraqoyunlu kəndinə 3 dəfə səfər etdik: 04.11.2025, 07.11.2025 və 08.11.2025-ci il tarixlərində.
Nasib Ismayilov , Qara və Qulu ilə ilk gün kəndin sağ ətrafında müşahidə apardıq, yer adlarını qeyd etdik, mənim üçün maraqlı və sual doğuran məkanlarda olduq.
Hacallı qobusu kurqanları və dağıdılmış Osmantəpə kurqanları, Tarğınlı yaşayış yeri, Ayrım binəsi, Ayrım yeri, Ayrım qəbiristanlığı, Tək armud piri, Bala yumru, Böyük yumru, Halva qaya və onlarla yer adının qeydlərini apardıq.
İncəçayın suayrıcına – Dəhnəyə və Baranbata qədər getdik.
İkinci gün əvvəlcə qəbiristanlıqda olduq, qədim qəbirlərin fotoşəkillərini çəkdik, şəhidlərimizin və doğmalarımızın qəbirlərini ziyarət etdik (həmin gün anam Leyla xanımın dəfn günü idi).
Sonra kəndin sol ətrafında müşahidə apardıq, yer adlarını qeyd etdik: Topxana, Mil, Kəpəz, Çır-çır bulağı, karyer, Qaşaltının qaşı, Dodun rəməsi, Kolan dərəsi və s.
Üçüncü gün kəndin qəhrəman oğullarından bir neçəsi ilə söhbət etdik. O ağır günləri xatırladıq. Rövşən müəllim, Müsfiq, Paşa Hüseynov, Qulu, Mətləb kəndin müdafiəsinin təşkili, "Yaltaxıl əməliyyatı" və həmin dövrdə baş verən hadisələrdən danışdılar.
Geriyə isə fotoşəkillər qaldı...