Tahir Rzayev , millət vəkili : - " Böyük Qayıdış möhtəşəm bir proqramdır "
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri ,millət vəkili Tahir Rzayev Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə son səfərlərinə münasibət bildirərkən vurğulayıb ki, Böyük Qayıdış möhtəşəm bir proqramdır və onun həyata keçirilməsi uğurla davam etdirilir:
"Son 5 il ərzində bu proqramın icrası üçün dövlət büdcəsindən 23 milyard manata yaxın vəsait sərf edilib. Gələn ilin büdcəsində isə azad olunmuş ərazilərin bərpasına əlavə olaraq 3.5 milyard manatın ayrılması nəzərdə tutulur. Proqramın daha səmərəli şəkildə icra olunması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Elə bir ay, həftə olmur ki, ölkə başçısı işğaldan azad olunmuş ərazilərə səfər etməsin, işlərin gedişi ilə maraqlanmasın. Prezident təməlqoyma mərasimlərində, yeni obyektlərin açılışında, tikinti işlərinin gedişi ilə yaxından tanış olur və mühüm tapşırıqlar verir. Məhz bu diqqət sayəsində azad edilmiş ərazilərdə abadlıq və quruculuq işləri böyük sürətlə davam edir. Bu fəaliyyət yerli əhali, xarici qonaqlar, dövlət rəhbərləri və jurnalistlər tərəfindən yüksək qiymətləndirilir”
Millət vəkili qeyd edib ki, artıq həmin bölgələrə köç prosesi başlayıb
"Füzuli, Zəngilan, Laçın, Şuşa, Xocavənd və Xocalıda həyat öz axarına düşür, insanlar ata-baba yurdlarına qayıdaraq kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Prezidentin Cəbrayıla son səfəri də xüsusi bir tarix ərəfəsində-Zəfər Günü öncəsi baş tutub. Bu səfər həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. O, azad edilmiş torpaqlarda görülən işlərlə tanış olub, sakinlərlə görüşüb və yeni tapşırıqlar verib. Artıq dağıdılmış, viran qoyulmuş kənd və şəhərlərimizdə abadlıq işləri geniş vüsət alıb. Yollar çəkilir, tunellər qazılır, məktəblər və xəstəxanalar tikilir. Dünya bu yenidənqurma prosesini görür və Azərbaycanın quruculuq əzmini yüksək qiymətləndirir. Bu, həm Azərbaycan vətəndaşlarını, həm də dost ölkələrdən gələn qonaqları sevindirir”.
T.Rzayev xatırladıb ki, Cəbrayıla edilən səfər həm də köç prosesini sürətləndirmək, sakinlərlə görüşərək onlara ruh vermək, yeni məqsədlər müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir:
"Prezidentin bu səfərləri insanların taleyi, rifahı və gələcək xoşbəxtliyi üçün həyata keçirilən siyasətin tərkib hissəsidir. Bir vətəndaş kimi biz hamımız azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri ilə qürur duyuruq. Bu bərəkətli torpaqlar təkcə mənəvi dəyər daşımır, həm də ölkənin iqtisadi inkişafı üçün böyük potensiala malikdir. Kənd təsərrüfatı və sənaye sahələrinin inkişafında həmin ərazilər tarixən mühüm rol oynayıb və bu gün də öz əhəmiyyətini qoruyur. Prezidentin səfərləri bu ərazilərin inkişafında yeni bir səhifə açır. Bu səfər insanların xoşbəxt yaşayışını, doğma yurd həsrətinin aradan qalxmasını və bölgədə davamlı həyatın bərqərar olmasını hədəfləyir”.