SÜLEYMAN ABDULLA.- HAYKULAR

Ədəbiyyat 07:58 / 17.11.2025 Baxış sayı: 954

 

(5+7+5)

İşıqdı Günəş

Göz görüb hiss edəsi

Sonsuzluq qədər.

***

Əl çatan deyil,

Arzuların zirvəsi-

Bəlkə səs yetə.

***

Sağlam olmağın

Dəxli yoxdur sağlığa,

Qədəh dostları.

***

Su kimi şeir,

Axır qəlbimə, axır

Səs şırıltısı.

***

Ay doğdu, yolcu -

Ağ yolların adamı.

Süd yolu dümağ...

***

Nə sükutdu bu,

Hava ağır, yol yorucu.

Sıx, qara duman...

***

Bu dağın adı?-

Adı olmur hər fəthin.

Vətən sağ olsun!

***

Ağ yola düşüb,

Getmək və qayıtmamaq!

Haraya, niyə?

***

Bozarıb hava,

Şimal küləyi soyuq

Üşüyür şəhər.

***

Üşüyür günəş,

Qürub sarısı üfüq...

Yarpaq yağışı.

***

Ömür dediyin

Salamdan sağolacan.

Elə sevgi də...

***

Getdin, yaxşı yol,

Deyəsim var, xoş gəldin.

Gözüm yollarda...

***

Çox darıxıram,

Ömrüm dolu sənsizlik...

Çəkilir içim...

***

Həsrət dediyin

Yol ayrıcından başlar.

Aman, ayrılıq...