SÖZÜN LƏNKƏRAN ƏTRİ- yazdı Balayar Sadiq
jpg-1742230250.jpg)
(nostalji poema)
Salam,
yaşıl gözlü yaşıl şəhərim!
Yenə yazdı...
Yenə bu yazın
ürəyimi yaşıl-yaşıl yazdı.
Yaddaşı üşüyən
küçələrdə yaddaşım azdı...
Gəncliyimin ətrini
qoxlamaq istəyirəm.
Ömrün küləyi
uzaqlara aparır
arzumun əli uzanmış qoxunu...
Yaddaşımda
yer yoxdu dəfn edim
bu yamyaşıl qorxunu…
Şeirimin
unudulmuş misrasıdır
bu xiffət qoxulu küçə…
Dəmirağac yarpaqları
xəfif-xəfif yelpikləyir
ürəyi getmiş xatirələrin üzünü…
Daha yoxdu
Cəlalının çayxanası,
çoxdan solub
gəlin xatirələrin xınası…
Sözlərim hürkə-hürkə
boylanır misralardan ...
Qabağımda
sair Vaqif Huseynovun həsrətiylə
buğlanır bir stəkan çay...
Burda
edam olunmus ağaclara
salavat çəkirəm.
Sonra
həsrətimin üstündən
asfalt çəkirəm…
Gözlərimdən damcılayır
bir misra Tərlan,
bir misra Nurəddin,
bir misra Cavidan
bir misra Zahir Əzəmət
və bir cümlə Qafar Cəfərli…
Xəyalım uzaqlarda
baxışlarım Lənkəran yağışının
göz yaşını silir astaca...