"Azərbaycan modeli dünya üçün bu gün bir nümunədir"- Tahir Rzayev, millət vəkili

Tolerantlıq, plüralizm kimi anlayışlar fəlsəfə, psixologiya, sosiologiya, antropologiya, politologiya və dini elmlərdə fərqli mənalar daşıyır. Azərbaycan dini və milli tolerantlığın yüksək səviyyədə olduğu dünyada bəlkə də ilk sırada olan ölkədir. Çünki biz azərbaycanlılar Azərbaycanda yaşayan heç bir millətin, heç bir dinin nümayəndəsinə qarşı ayrıseçkilik etməyəcək qədər böyük bir millətik.
Təəssüf olsun ki, biz müsəlmanlara qarşı bütün dünyada bir ayrı-seçkilik var. Xristian ölkələrin bəziləri xristian təəssübkeşliyi edirlər...
Bununla bağlı Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, Azərbaycanda milli və dini ayrı-seçkilik demək olar ki, tamamilə aradan qaldırılıb. Bu səbəbdən də, tolerantlıq istiqamətində həyata keçirilən tədbirlər və yürüdülən siyasət bu gün xalqları və millətləri birləşdirir və onlar ən xoş, sevincli, ən kədərli anlarda bir yerdə olduqlarını nümayiş etdirirlər.
“Bu, özünü Vətən müharibəsi dövründə aydın şəkildə göstərdi. Bütün millətlərin və xalqların nümayəndələri, eləcə də din xadimləri bir yerdə olduqlarını bəyan etdilər və Azərbaycanın haqlı mübarizəsində yekdil mövqedə oldular. Dünən də belə idi, bu gün də belədir. Bu, Azərbaycanın ən böyük uğurlarından biri sayılmalıdır. Bu, həm də dinlərə və millətlərə hörmətin nümayişidir”-deyən Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, onun çıxışlarında ifadə olunan fikirlər və tapşırıqlar insanların ümumi səfərbərliyini təmin etməklə bərabər, həm də ölkənin inkişafına yeni töhfələr verir.
Millət vəkili Tahir Rzayev qeyd edib ki, bu gün Azərbaycanda azərbaycanlı, rus, yəhudi, alman və digər xalqların nümayəndələri eyni mövqedən çıxış edirlər və onlar bilavasitə ölkənin siyasi kursunu, ölkədə həyata keçirilən mühüm tədbirləri dəstəkləməklə yanaşı, həm də öz sahələrində bunun təbliğatçısıdırlar.
Deputat bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycanda yaşayan istənilən dinin nümayəndəsi bir vətəndaş bu ölkənin sakinidir və bu ölkəyə xidmət etməyi özünə bir borc hesab edir.
“Ona görə də, Azərbaycan modeli bu gün dünya üçün bir nümunə göstərilir və bu, qürurvericidir. Ölkənin inkişafıdır. Xalqların dostluğunun, möhkəmlənməsidir və insanların rifah halının yaxşılaşdırılmasına yönəldilən bir amal əməldir”-deyə Tahir Rzayev vurğulayıb.