İslam TÜRKAY : - KEÇƏRƏM QIRMIZI İŞIQDA BİR GÜN
jpg-1742228948.jpg)
Sən qırmızı donda –alov dilimi,
Aləmi yandırıb-yaxarsan , gözəl.
Qaynar baxışların günəş selimi?--
Dünyama Günəştək baxarsan,gözəl.
Sən qırmızı donda –qəzəbli Sultan,
Baxaram həsrətlə, qara qul kimi.
Bir anda edərsən qanıma qəıtan
Yağar göz yaşlarım gümüş pul kimi.
Sən qırmızı donda-- qırmızı bayraq,
Qaşların,gözlərin –ayım,ulduzum.
Sən qırmızı donda—qızıl bir çıraq,
Əriyər nurunda qəm-kədər buzum.
Sən qırmızı donda-- qırmızı işıq,
Yolumda yanarsan, keçə bilmərəm.
Hər yan çən-dumandı, hər yan—qarışıq,
Bir özgə boyanı seçə bilmərəm...
...Bir gün şairliyim vurar başıma,
Yığıb yollarından gümüş pulları,
Çağırıb bir yerə qara qulları;
Götürüb gedərəm qızıl çırağı.
O aylı-ulduzlu qızıl bayrağı;
Əndərib başıma günəş selini,
Dərib qoxlayaram alov gülünü,
Keçərəm qırmızı işıqda bir gün!..