Ayaz Arabaçı : - Qəlbini həmişə onunla düz tut,

Qəlbini həmişə onunla düz tut,
Əgər bir veribsə, birini yüz tut,
Arınmaq istəsən tək ona üz tut,
Bütün günahları yuyan Allahdır.
Çoxdu din adıyla alver edənlər,
Timsah iştahalar, naqqa gödənlər,
Bir onu anladır gəlib-gedənlər,
Bil ki, gerçək olan röyan Allahdır.
Nə qorxun,nə çəkin,nə də üşən tut..
Dönüb bəhməz olur, qopub düşən tut,
Qəlbini fərəh tut, könlünü şən tut,
Səni hər halınla duyan Allahdır.
Ən çətin günündə bürünmə qəmə,
Çevirmə ruhunu şeytana yemə,
Allahı heç yerdə tapmadım demə,
Görmək istəyənə hər yan Allahdır.
Sən ona qəlbini, ruhunu xoş ver,
Nəyin var adına, uğruna ,qoş, ver
Yerdəki qulbeçə şahları boş ver,
Hər hökm Allahdır,fərman Allahdır.
Əl qoysa sərvətə,varə tükənməz
Tutuşar ürəyim narə tükənməz,
Ayaz, İlahidən çarə tükənməz ,
Dünyada hər dərdə dərman Allahdır.