Şakir Xanhüseyn : - VALLAH, HEÇ NƏ OLMAZ YAXŞI ADAMA

Vallah, heç nə olmaz yaxşı adama;
dərdini yaşar o, sevinci kimi...
Onu odla suyun arasında da
qoruyan qoruyur bir inci kimi...
Ürəkdən biryolluq şübhəni silin,
çox da düçar olur tez-tez əzaba;
Əgər ki, əlləri daş altındasa,
yenə heç nə olmaz yaxşı adama...
Gecələr qaranlıq ondan uzaqdır,
gör, necə bənzəyir hey yanan şama...
Şumluqdan, daşlıqdan atını sürsün,
dedim heç nə olmaz yaxşı adama...
Bir dostun gözünü qan tutsa əgər,
güllə kimi dəyər daşı adama...
Üstündə həmişə bir göz var deyə,
bilin, heç nə olmaz yaxşı adama...
Lil çökür dibinə duru suların,
vaxt çatır, əyilir günəş qüruba...
Yaxşı adamların əhatəsində,
vallah, heç nə olmaz yaxşı adama...