Lilpar Cəmşidqızı : - QƏZƏL ( Düşüb)

Ədəbiyyat 08:10 / 18.03.2025 Baxış sayı: 397

 

Yaradan, bir qaragöz, qaşı kaman eşqə düşüb,

Söyləyir, hüsnünə aşiqdi yaman, eşqə düşüb.

 

Necə gör parələyib qəlbini hicran gözəlin,

Yenidən vüslətə yoxdurmu güman, eşqə düşüb?

 

Qəmi-dəryadə boğulmazmı sevən aşiqlər?

Unudub sahili bir bəhrü liman, eşqə düşüb.

 

O gözəl, taleyinin rəsminə taət eləmir,

Çıxarıb ruhunu aləmdə şaman, eşqə düşüb.

 

Xəzərin üstünə göydən yerə tor çəkdi Xuda,

Tutulub mavi səma, bəlkə duman eşqə düşüb?

 

Yerə Tanrın uzadıb kəndiri, Lilpar, tutasan,

Ürəyin ağrımasın, gəldi zaman, eşqə düşüb.