Zəka Vilayətoğlu : - YAZ NƏĞMƏSİ

Torpaq çərşənbəniz mübarək, dostlar!
Tut əlimdən, Ömürdaşım,
çıxaq Yazın pişvazına!
Birgə deyək, "Xoş gəlmisən!",
təbiətin Yaz qızına!
Açılsın könül boxçamız,
bərq vursun, "qızıl", "axçamız",
güldür, çiçəkdir bağçamız,
baxaq güllərin nazına!
Kədərin canı sıxılsın,
acılar yansın, yaxılsın,
Gül olub qəlbə taxılsın,
sevinc yetsin murazına
Qəlbimizdə sevgi çağlar,
gərək deyil, çox dövlət - var.
Derlər: "çoxun çox dərdi var",
şükür, qismətin azına!
Ucalsın, Zəkanın səsi,
Könül oxşasın nəğməsi,
Sən, ey ömrümün nəşəsi,
Bir qulaq ver, avazına!