İSMAYIL MƏRCANLI İMANZADƏ : - BARLI-BƏRƏKƏTLİDİR YAZI AZƏRBAYCANIN
jpg-1742279202.jpg)
Gəlin, birlikdə çıxaq Novruzun pişvazına,
Alqış deyək baharın “işvəsinə-nazına”.
Keçəl qatsın səsini Kosanın avazına,
Gülsün nurlu çöhrəsi, gözü Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
Dad versin süfrələrə noğul, nabat, paxlava,
Naxçıvanda, Şəkidə isinsin soyuq hava.
Gəncədə, Lənkəranda göz oxşasın yurd-yuva,
Soraq versin Qazaxdan közü Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
Söhbət açsın zəfərdən Dədə Qorqud boyları,
Saysın nişanlı qızlar həftələri, ayları.
Könülləri oxşasın Azərbaycan toyları,
Dinsin tarı, kamanı, sazı Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
Qarabağın gör necə sevinci aşıb daşır,
Xar olan qarı düşmən İrəvanda ulaşır.
Şuşaya, Zəngilana yaşıl libas yaraşır,
Qubadlıda nur saçır üzü Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
Doyunca gedib gəzək Kəlbəcəri, Laçını
Ağdamda salamlayaq Qarqarçayı, Xaçını.
Füzulidən didərgin saldıq ağrı-acını,
Cəbrayılda göyərdi izi Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
Tonqal çataq, Murovun qarı-buzu ərisin,
Qubanı, Gədəbəyi şən nəğmələr bürüsün.
Tərtərdə yağıların qədəmləri çürüsün,
Polad kimi bərkisin “dizi” Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
Muğanda al günəşin nuruna boyanaq biz,
Arazdan, Kürdən keçib Qubustana tutaq üz.
Şamaxıda, Bakıda cuşə gəlsin qəlbimiz,
Heyran etsin dünyanı sözü Azərbaycanın –
Barlı-bərəkətlidir yazı Azərbaycanın.
19.03.2021
MİNGƏÇEVİR ŞƏHƏRİ