Sevinc Qərib- Ehh... mən də qoşuldum gedən karvana,
***
Ehh... mən də qoşuldum gedən karvana,
əllərim arxamca süründü qaldı.
Bir körpə bələdim xəyallarımda,
baxdım boş beşikdə ağlayan şaldı...
Nəm düşdü qupquru ömrümün üstə,
tutdum qismətimə duadan çətir.
Nə vardı könlümdə sevgidən ayrı,
niyə qəm geyindi yazdığım sətir?!
İz saldı saçıma dərdin ağ əli,
yollara yad oldu açdığım cığır.
Yaşadım birtəhər yıxıla-dura..
ömür ha uzansa, bir ömrə sığır...
Mən divanə oldum, sevdiyim dəli,
yerə ağır gəldi bu sevda yükü.
Mizana uymadı istəklərimiz,
göy də ətəyini qıymadı, bükdü...