Sevinc Qərib: - AĞRIYAN GECƏ...

Ədəbiyyat 08:13 / 30.10.2024 Baxış sayı: 3403

 

Hamı tərəfindən unudulmaqdı

ağrılarına bürünüb gecəni

sübhə daşımaq.

Pəncərəni döyəcləyən küləyin

vahiməli səsindən,

xəstə uşaq kimi zarıyan pişiyin

iniltisindən gizlətdiyin qulaqların

səhərə kar doğular.

Yumulmayan kipriklərini

qucaqlayan barmaqların kor olar,

yuvasını tapmaz.

Saçların balışla savaşar,

məğlub olmaz,

bir-birinə dolaşıb boğular.

Şirin yuxu diləməz,

gecən xeyirə qalsın deməz,

ömrünə yazılan o adam da.

Bədbəxt görünər gözünə narahat

yatağının adamsız tərəfi.

Divarları cırmaqlayan kölgənin

qanayan dırnaqlarından

ölüm qoxusu gələr.

Fikrin ruhuna sədd çəkirmiş kimi

duman şəkli cızar

baxışlarınla yorduğun tavanda.

Ay nə qədər hüznlü,

ulduzların işıq libası oğurlanıb.

Qaranlıq rəngində kədər yağır

əyinlərindən.

Göy üzü ikiqatdı, sancı-sancı,

göynək-göynək doğranır...

Tanrı mələklərinin dərslərini yoxlayır,

nə gecənin, nə sənin dərdin

vecinə deyil,

Sabahkı tapşırıqları yerbəyer

edir beynində...