Sədagət Kərimovam- MƏNİM ZƏRİF DOSTLARIM!
İlk baxışda incə və kövrək görünən qadın əslində dünyanın ən güclü dayaqlarından biridir. Onun incəliyinin arxasında böyük dözüm, səbir və tükənməz bir iradə dayanır. Qadın həm çiçək kimi zərif, həm də dağ kimi möhkəm olur.
O, sevdikləri və övladları üçün heç bir əziyyətdən çəkinmir. Lazım gəlsə daş daşıyır, ağır yükün altına girir, çətinliklərlə üz-üzə dayanır və ailəsini qaranlıq günlərdən işıqlı sabahlara çıxarmağa çalışır. Qadınların səssiz qəhrəmanlığı çox zaman görünməz qalır, amma dünyanı yıxılmaqdan saxlayan məhz onların fədakarlığıdır.
Qadın müharibəyə yox deyir, aclığa yox deyir, nifrətə yox deyir. Onun ürəyi həyat üçündür, mərhəmət üçündür, gələcək üçündür. Qadın insanı yaşadan, dünyanı qoruyan və sevgini nəsildən-nəslə ötürən ən böyük qüvvədir.
Dünyada qadın olmasaydı, həyat çoxdan öz məhvərindən çıxardı. Çünki qadın yalnız ana deyil, həm də ümidin, mərhəmətin və sülhün daşıyıcısıdır. Heyif ki, dünyanı qadınlar idarə etmir, etsəydi, göylərdən bombalar deyil, bəlkə də çiçəklər yağardı, hər yan gülüstan olardı. Uşaqlar aclıq çəkməz, analar övlad dərdi çəkməz, Yer üzü xoşbəxt gülüşlərə qərq olardı.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlara sağlamlıq, səadət, sevgi və işıqlı talelər arzulayıram. Qoy qadınların nuru hər zaman dünyanı işıqlandırsın, onların mərhəməti insanlığı qoruyub saxlasın!
Bayramınız mübarək, mənim qüdrətli dostlarım!