Saqif Qaratorpaq - Qoy bir azca aldadım
Qoy bir azca aldadım
Mən də özümü bu gün.
Deyim,yaman gözəldi
Hər addımı bu ömrün.
Kefim ala buludda,
Yoxdu bir ağrım-acım.
Yollarıma düzülən
Tikanlar da gül açıb.
İçimdəki səhrada
Çiçəklər qucaq-qucaq.
Bir də gördün alışdı
Tüstüləyən bir ocaq...
Göyərdi doqqazdakı
Quruyan tut ağacı.
Sonsuzluğa göndərdik
Bir səhər ehtiyacı.
Uzanıb barmaqlarım,
Uzaq üfüqə çatıb.
Bir qərib ağ gecəni
Çəkib üstünə,yatıb...
Sən də fikir eləmə,
Məndən ötrü çəkmə ah...
Xoşbəxtlikdən ölürəm,
Hər şey gözəldi,vallah!