Şakir Xanhüseyndən  ÜÇ ŞEİR

Ədəbiyyat 09:11 / 11.12.2024 Baxış sayı: 2018

GEDİR SAÇLARINDAN ASILMAĞA

 

Gizlənir, qaçınır gözdən elə bil,

burulur gah sola, gah da sağa o;

Görəsən, bu gözəl hansı divindir,

gedir saçlarından asılmağa o...

 

Təzəcə açılmış bir güldü- təmtər,

bir əl uzandısa, min bir əl dərər...

Bir həris göz ilə neçə göz görər,

batar bir addımla yüz günaha o...

 

Şərin ta özüdü güddüyü xeyir,

günü gün altında bir gün də deyil...

Bir yuva axtarır, fərqində deyil

çox erkən başladı quş olmağa o...

 

Eşqə düşməliykən nə yola düşmüş,

ayağı dərin bir çuxura düşmüş...

Həyatı bir acı nağıla dönmüş,

varmıdır qəfildən daş olmağa o?!

 

İTİRİRSƏN

 

Ürək yandırırsan od əvəzində,

xeyirin bir isə, on itirirsən.

Nəsə xatırlayıb, hər dəfəsində

qəlbin yaralanır, qan itirirsən...

 

Ömürdən saatlar, anlar sayılı,

kimsə yuxusunda bəlkə ayılır...

Səssizlik ətrafa səs-səs yayılır,

hər keçən günlə bir gün itirirsən...

 

Bir gör fikrin harda, özün hardasan,

uzaqlardan gəlir səsin, hardasan...

Gözümün önündə, ey, sən hardasan,

sözümü başa düş, qan, itirirsən...

 

***

narahatsan çox rahat,

danışırsan susaraq...

bilsən, yaxınındayam

səndən bir xeyli uzaq...

 

səbirlisən səbrin yox,

yansan, bir ovuc külsən...

şırım açılır yerdə;

dərdi kotan çəkirsən...

 

hönkürdüyün gülüşün

acısıdır şirinlik...

yolun ən düz yerində

bir eniş vardır çox dik...

 

qaynar sular da buztək

üşüdür yandıraraq...

elə üzdə qalmaq nə

ən dərinə vararaq...

 

xəyallar qurursan tor,

yarımçıqdı bu tamlar...

boşluğa səslənirəm:

-ehey, orada kim var?