Ələsgər Talıboğlu : - İtirə-itirə gedirik

Ədəbiyyat 10:38 / 04.01.2025 Baxış sayı: 847

 

Dünyaya göz açandan,

bir komada şəfəq kimi saçandan

bir tərəfdən qazana-qazana,

bir tərəfdən isə itirə-itirə gedirik...

Kimi bir tikə çörəyini,

kimi söykəndiyi dirəyini itirir...

Kimi sağlığını,

kimi də el yanında üzü ağlığını itirir...

Kimi ismətini, namusunu, arını,

kimi də dövlətini-varını itirir...

Kimi onu ucaldan mənliyini,

kimi də mənəvi qidasını,

dənliyini itirir...

Kimi sevgisini, məhəbbətini,

kimi də şərəfini, ləyaqətini itirir...

Kimi ömürdən yarpaq kimi

uçub gedən

gününü, ayını, ilini,

kimi də arxa çevirdiyi üçün

obasını, elini itirir...

Kimi sevdiyi doğmasını, yadını,

kimi də Vətən adlı

ağız dadını itirir...

Beləcə beşikdən məzaracan,

ən son güzaracan

itirə-itirə gedirik..

Və gedəcəyik də...

02.01.2025.