İdris Babayev : - AZA MÖHTAC
Əzrayıl çəkilib hələ kölgəyə,
Boynum tamarzıdır ipə, ilgəyə,
Vurulub ümidim, kaşa, bəlkəyə,
Ocağım tüstüyə, həm közə möhtac .
Dünyanın dərdləri yığıb boğaza,
Çətin çıxa biləm bu qışdan yaza,
Əsir vərəq üstə əl yaza- yaza,
Qalmışam kədərsiz bir sözə möhtac.
Nə yaman ağırmış, ay Allah, daşım,
Qurunun oduna alışıb yaşım,
Yalanlar üstündə qaynayır aşım,
Qonağım gecədir, gündüzə möhtac.
Hələ ki, namərdin atı qaçandı,
Bir kimsə inanmaz ha da iç andı,
Ay İdris, möhtacdım çoxa haçandı,
İndi də olmuşam lap aza möhtac.
01.01.24