Şakir Xanhüseyn : - İKİ BİR
1.
ARAMIZDA DİVAR
hər kəs özüylə elə bil
bir divar gəzdirir,
görüşdükmü
anında
aramıza qoyuruq o divarı;
hə, bir söz, iki söz
bir də baxırıq ki,
aramızda divar
var.
bəzən də
açıq, divarsız bir sərhəd olur o divar
ƏL də edə bilmirik
bir-birimizə...
2.
OD SAQASI
bizi də bir yerimizdən,
baxın bir,
sanki od canlandırır, cana gətirir;
o od
ayağımızdamı, əlimizdəmi,
ya bağrımızın başında,
bəlkə gözdə, göz yaşında?
hə, vallah, mən bütün insanların,
insanlığın da
odla hərəkətə gəldiyinə tam
inanıram;
kiməsə şeir yazdırır,
kiməsə bir nəğmə bəstələdir,
kiməsə yat deyir,
kimisə yuxudan oyadır o od,
beləcə sürdürür həyatı o od...