Şakir Xanhüseyn : - SÜRÜNMƏK

...yəni kölgə var
dik-dik yeriməyinə baxma,
onunku sürünməkdi, ya;
addımlarını yeyin atır,
çatır mənzil başına
sürünə-sürünə amma...
bir saat dincəlmir,
ayaqlar döyənək, əllər qabar, çiyin yağır,
o, qarabağır;
oturdusu yox,
dayanıb-durdusu yox,
kənardan eşidərsən:
o ki yaşamır, sürünür...
fəqət, hələ
yerdə süründüyünü kimsə görməmiş
ömrü boyu sürünən bir kəsi,
nə qəribə iş...
...nəsə, ürəyə
xəncərtək saplanan bir sözdü sürünmək,
hə...