Şakir Xanhüseyn - quru bəy
kimdi bu quru bəy, eşidər, yavaş;
qurusu qurudu, yaşı da quru..
görən, nə söyləyir o çatılan qaş,
gözlük arxasında gözünün nuru...
kimdi bu quru bəy, bu özündən bəy,
odurmu yaradan alçaq dağları...
altdan nə imiş ki, bu üstdən bəzək,
nə yerə, nə göyə sığır qüruru...
qoy dolansın elə bəytək, bəysayaq,
quru bəyliyiylə öyünsün özü...
baş açar, hayana açarsa ayaq,
başı ayağıyla bir işlər, düzü...
salam, a quru bəy, elə quru qal,
quru addan başqa, axı, nəyin var...
harda quru görsən, orda lövbər sal,
bil, sənlik deyildir dənizlər, çaylar...