Mənə yüksəkdən baxma! - yazdı Sahibə Yusif.
En, yanıma gəl hərdən.
Təkliyin rəsmin çəkən
İkicəcik rəssam var,
Biri sənsən, biri mən.
Mənə yüksəkdən baxma!
Səni görə bilməkçün,
Mən də azıram orda,
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.
Mənə yüksəkdən baxma!
Səni yaxşı görmürəm.
Gözlərim bulanıqdı,
Düş otur ürəyimdə,
Qəlbim sənə qayıqdı.
Mənə yüksəkdən baxma!
Gəl toxun saçlarıma.
Titrət könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.
Mənə yüksəkdən baxma!
Görüm ki, yanımdasan.
Gəlib çatıb gümanım,
Bu günə xoşbəxt olub,
Keçən dünəni danım.
Mənə yüksəkdən baxma!
Axı kimlər biləcək,
Guya ki, məndə olsan?
Dünyamı dağılacaq,
Bircə gün bəndə olsan?...