Kəmaləddin Qədim - DƏRDİNDƏN ÖLDÜYÜM BİR QADIN OLUB...

Ədəbiyyat 10:10 / 08.01.2026 Baxış sayı: 712

 

Baxma ki, ən çətin oxunan kitab,

Ən çətin çözülən sir qadın olub...

Adına həmişə and içiləsi,

Ən təmiz, ən qutsal yer qadın olub...

 

Qadın təbəssümü, qadın gülüşü,

Tanrının ən gözəl rəsmi, əl işi.

Adəmdi bəlkə də ən azad kişi,

Həvva da ən azad, hür qadın olub...

 

Gəlmişəm, gələsi bu dağılmışa

Nə ürək yaxıb, nə könül qırmışam.

Sevib ətəyində namaz qılmışam,

Olub da bir ocaq, pir qadın olub...

 

Gəlsin Tanrı haqqı gözümdən desəm

Nəyi kəsir desəm, nəyi kəm desəm...

Kimsə inanmasın sevirəm desəm,

Dərdindən öldüyüm bir qadın olub...