Tahir Rzayev, millət vəkili : - " Kadrların peşəkarlıq səviyyəsinin və məsuliyyət hissinin artırılmasını zərurətdi!"

HÜQUQ 15:36 / 08.01.2026 Baxış sayı: 1992

 

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə ölkədə aparılan islahatların mahiyyəti və gələcək istiqamətləri baxımından mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı müsahibəsində bir daha açıq şəkildə bəyan etdi ki, istənilən struktur dəyişikliyi, istənilən yeni idarəetmə modeli yalnız düzgün kadr siyasəti ilə nəticə verə bilər.

Prezident onu da bəyan etdi ki, bəzi hallarda etimad göstərilən kadrlar bu etimadı doğrultmur. Naxçıvanda yaradılan xüsusi nümayəndə institutuna təyin edilmiş şəxsin gözləntiləri ödəmədiyinə görə vəzifədən azad edilməsi, eləcə də Bakının rayonlarından birində icra başçısının qısa müddətdə vəzifəsindən çıxarılması bunun bariz nümunəsidir. İlham Əliyev bildirdi ki, bu cür hallar onu məyus edir, çünki o, 22 il ərzində minlərlə kadr təyinatı edib və hər birinə şəxsən etimad göstərib.

Dövlət başçısının sözlərinə görə, problem gənc və ya yaşlı nəsildə deyil. Problem insanın ailədə, məktəbdə və cəmiyyətdə aldığı tərbiyədə, mənəvi keyfiyyətlərindədir. Prezident xüsusi olaraq vurğuladı ki, gənc kadrlar arasında da pozuntulara yol verənlərin olması onu narahat edir. Bu isə onu göstərir ki, yaş amili həlledici deyil, əsas meyar vicdan, məsuliyyət və dövlətə sədaqətdir.

Prezident qeyd etdi ki, vəzifəyə təyin olunmaq böyük etimaddır və bu etimad doğruldulmadıqda sərəncam gecikmir. Etimadı doğruldan kadrlar hər zaman dəstəklənir, lakin əyri yola gedənlər ya cinayət məsuliyyətinə cəlb edilir, ya da inzibati qaydada cəzalandırılır. Bu, dövlət idarəçiliyində güzəştin olmadığını bir daha təsdiqləyir.

Millət vəkili Tahir Rzayev də hesab edir ki, müasir dövrdə idarəetmənin təkmilləşdirilməsi olduqca vacib məsələdir və bu proses birbaşa ölkənin inkişafına, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən idarəetmə sahəsində islahatlara xüsusi önəm verib və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan iqtisadiyyatının güclənməsinə, eyni zamanda insanların sosial rifahının yaxşılaşmasına real imkanlar yaradıb.

Tahir Rzayev qeyd edir ki, idarəetmə son dərəcə məsuliyyətli və strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu sahədə peşəkar, savadlı, təşəbbüskar və insanlarla düzgün ünsiyyət qurmağı bacaran kadrların mövcudluğu ölkənin gələcək perspektivlərinin uğurla reallaşdırılması üçün mühüm zəmin yaradır. Çünki ən çətin və ən həssas problemlərin həlli məhz öz bilik və bacarığına, peşəkarlığına güvənən kadrların üzərinə düşür. Bu isə praktiki fəaliyyət zamanı dəfələrlə öz təsdiqini tapıb.

Millət vəkili vurğulayır ki, ölkə rəhbərinin şəxsi fəaliyyəti də bunu aydın şəkildə nümayiş etdirir. Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, yüksək peşəkarlığı, insanlara göstərdiyi qayğı və diqqət nəticəsində bu gün güclü, dayanıqlı və müasir Azərbaycan dövləti formalaşıb. Azərbaycan yalnız iqtisadi və hərbi sahələrdə deyil, eyni zamanda beynəlxalq müstəvidə də ciddi uğurlar əldə edib, ölkəmizin dünya miqyasında nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Tahir Rzayev bildirir ki, bu uğurlarda dövlət məmurlarının da müəyyən rolu və töhfəsi var və birgə səylər nəticəsində mühüm nəticələr əldə olunub. Lakin eyni zamanda, yerli televiziya kanallarına verdiyi son müsahibəsində cənab Prezident idarəetmənin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yönəldərək dövlət məmurlarına ciddi xəbərdarlıqlar edib. Bu isə mövcud reallıqların düzgün qiymətləndirilməsindən irəli gəlir.

Millət vəkilinin sözlərinə görə, bu gün dünyada baş verən geosiyasi proseslər, müharibələr, iqtisadi böhranlar və digər qlobal çağırışlar idarəetmədə çevik və prinsipial yanaşma tələb edir, kadrların peşəkarlıq səviyyəsinin və məsuliyyət hissinin artırılmasını zəruri edir. Prezident isə bu məsələdə hər zaman balanslı mövqe nümayiş etdirib – kadrlara həm qayğı göstərib, həm də yüksək tələbkarlıq nümayiş etdirib. Vəzifə borcunun öhdəsindən gələ bilməyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər qanun qarşısında cavab verib, bəzi hallarda ciddi cəzalarla üzləşiblər.

Tahir Rzayev vurğulayır ki, bütün bu addımlar dövlətin və xalqın mənafeyi naminə atılıb. Çünki Azərbaycan Prezidenti ilk gündən insan amilini əsas prioritet kimi müəyyənləşdirib, xalqın xidmətində olduğunu dəfələrlə əməli fəaliyyəti ilə sübut edib. Dövlət başçısı məmurları da məhz bu ruhda çalışmağa çağırıb, hər bir vəzifəli şəxsin öz məsuliyyətini dərk etməli olduğunu, ölkənin və vətəndaşların maraqları naminə zəruri tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməyin vacibliyini açıq şəkildə ifadə edib.

Millət vəkili əlavə edir ki, Prezidentin son müsahibəsində bu məsələlərin bir daha gündəmə gətirilməsi, konkret tapşırıqların verilməsi və ciddi xəbərdarlıqların edilməsi Azərbaycanın davamlı inkişafı, vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin olunması, eləcə də ölkənin gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır.